• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:49 19 mart 2019

Almaniya Bundestaqında Cənubi Qafqazda sabitlik mövzusunda simpozium keçirilib

Ötən gün Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı 7-ci "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ adlı simpozium keçirilib. ONA-nın məlumatına görə, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, sülh prosesinin gedişi, Ermənistanın sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb, eləcə də Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi alqışlayıb və onu münaqişənin həllinə töhfə verməyə çağırıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir bu əlaqələrin tarixi, eləcə də hazırda bütün sahələrdə dinamik inkişaf etməsi barədə məlumat verib, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin münasibətlərə yeni nəfəs verdiyini vurğulayıb.

Daha sonra Bundestaqın hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Yohan Vadeful çıxış edib. O, AFR kanslerinin Azərbaycana səfərinin nəticələrini təhlil edib, Azərbaycan və Almaniya arasında yaxşı münasibətlərin olduğunu qeyd edib, Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal olunduğunu vurğulayıb.

Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert münaqişənin həllinin Xocalı qurbanları qarşısında bir məsuliyyət olduğunu və Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq danışıqlar prosesini dəstəklədiyini bildirib. O, münaqişəni inkişaf üçün maneə adlandırıb və onun həllinin gətirəcəyi iqtisadi üstünlüklərə toxunub. M.Zibert Azərbaycan-Almaniya münasibətləri barədə danışıb, elmi, mədəni və humanitar sahələrdə olan dinamik əlaqələri vurğulayıb.

Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışaraq münaqişənin mərhələli şəkildə həll edilməsinin mümkün olduğunu və ilkin mərhələdə Azərbaycan torpaqlarının işğaldan azad olunması və qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmasının zəruri olduğunu qeyd edib. O, Ermənistanın bu münaqişə ilə özünü regionda izolyasiya vəziyyətinə saldığını və regional layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.

Alman jurnalist Rixard Kissler özünün işğal altında olan torpaqlar, o cümlədən Xocalıya səfərindən təəssüratlarını bölüşüb, həmin ərazilərdə yoxsulluq, dağıntılar və səfalətin hökm sürdüyünü diqqətə çatdırıb. Kissler Xocalı hadisələri zamanı dinc azərbaycanlı əhalinin erməni silahlı qüvvələrinin pusqusuna düşərək güllə-baran edilməsini, Azərbaycanın mədəni və dini abidələrinin, o cümlədən məscidlərin viran edilməsini vurğulayıb. Jurnalist həmçinin Ermənistanın yeni baş nazirinin verdiyi populist bəyanatların münaqişənin həlli üçün optimizm yaratmadığını qeyd edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR