• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:20 29 oktyabr 2020

"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib

"Amnesty International" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə təşkilat açıqlama yayıb.

"Dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketləri atılıb və bu, xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, azı 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb", - deyə məlumatda qeyd olunub.

Açıqlamada qeyd olunub ki, "Amnesty International"ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyib:

"Kasetli raketlərdən mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur".

Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

"Hər iki tərəfi mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq", - deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers deyib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR