AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə görə nəticələr” mövzusunda tədbir keçirilib.
ONA-nın Qərbi Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin Azərbaycanın mədəni və tarixi irsinə qarşı törətdiyi əməllərdən, onların qeyri-qanuni şəkildə istismar edilməsindən, şəxsi və ictimai mülklərə vurulan zərərdən bəhs edilib, bunları özündə əks etdirən sənədlər ictimaiyyətə təqdim olunub.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov, İtaliyanın Guido Carli Luiss Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti paneldə çıxış ediblər. İclasda Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə üzrə 16 iyun 2015-ci ildə qəbul etdiyi qərara toxunulub, bununla da ermənilərin məsələ ilə bağlı iddialarına son qoyulduğu bildirilib.
Paneldə növbəti AŞPA sessiyalarında bu cür tədbirlərin keçiriləcəyi xüsusi vurğulanıb.
Aytən Abbaslı