Avropa Komissiyası koronavirusla mübarizə tədbirləri çərçivəsində Avropa İttifaqı ərazisinə zəruri olmayan səfərlərin 30 gün müddətinə qadağan edilməsini təklif edib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen video müraciətində bildirib.
Onun sözlərinə görə, ittifaq ərazisindəki səhiyyə təşkilatları koronavirus səbəbi ilə böyük təzyiq altındadır və bu təzyiqin azaldılması məqsədi ilə zəruri olmayan səyahətlər müvəqqəti qadağan edilməlidir: “Biz bilirik ki, sosial əlaqəni azaltmaqla eyni zamanda virusun yayılma sürətini zəiflədirik. Mümkün qədər az səyahətlə biz virusun yayılmasını zəiflədə bilərik. Ona görə də artıq bizim G7 tərəfdaşlarımızı məlumatlandırmışam, dövlət və hökumət başçılarına təklif etmişəm ki, Avropa İttifaqına zəruri olmayan səfərlərə müvəqqəti məhdudiyyət gətirilsin. Bu məhdudiyyət ilkin mərhələdə 30 gün müddətinə tətbiq edilə, zəruri olduğu təqdirdə isə uzadıla bilər”.
Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı ərazisində uzunmüddətli yaşayış icazəsi olanlar, ailə üzvləri Avropa vətəndaşı olanlar, diplomatlar, həkimlər və səhiyyə işçilərinə qadağa şamil edilməyəcək.