“Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır”.
ONA xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə “Danışıqlar masasına qayıtmaq üçün Azərbaycanın ilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını deyə bilərikmi" sualına cavabında deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, bir neçə ay öncə Paşinyan Azərbaycan üçün yeddi ilkin şərt irəli sürüb: “Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.
Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz.
Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyanın kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq”.