• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:48 15 aprel 2020

Azərbaycan XİN: İşğalçı ölkənin təşkil etdiyi “seçkilər” qurama oyundan başqa bir şey deyil

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərin” ikinci turuna münasibət bildirib.

ONA-nın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz “seçkilər” ilə bağlı AR XİN-in mövqeyi bu ilin 31 mart tarixində ifadə edilib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə münasibət bildirərək qeyd etdi ki, “bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”. Bir daha vurğulayırıq ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər”, neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan və qurama oyundan başqa bir şey deyildir.

Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ böləsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim. Qondarma “seçkilər” ilə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur.

Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştrakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm", - deyə XİN rəsmisi vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR