"Son dövrlər sığorta bazarında böyük nailiyyətlər əldə olunub".
“APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri deyib ki, sığorta bazarı iqtisadi və sosial inkişafın bütün seqmentləri ilə əlaqədardır: "sığorta bazarı iqtisadi və sosial inkişafın bütün seqmentləri ilə əlaqədardır. Azərbaycanda son illər atılan addımlar öz müsbət nəticələrini verir. Belə Forumların keçirilməsi, beynəlxalq təcrübənin öyrənmək çox əhəmiyyətlidir. Təəssüf ki, hələ sığorta bazarımız iqtisadi inkişafımızın tələblərinə cavab vermir. Biz doğurdan da son 2 ildə kifayət qədər sağlam qanunlar qəbul etmişik. İcbari tibbi sığorta da bu sahədədir. Bu gün qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara uyğun təbii sığortanı qəbul etdik".
Komitə sədri qeyd edib ki, bu gün əmlak sığortası aşağı səviyyədədir: "Milyonlarda kvadratmetr əmlak sahələri sığortalanmır. "Diqlas" ticarət mərkəzindəki yanğın da bunu göstərdi. Azərbaycanda sığorta bazarında göstəricilərin aşağı olmasının ilk səbəbi maarifləndirmə səviyyəsinin aşağı olmasıdır. Yeri gəlmişkən, Milli Məclisə çoxsaylı şikayətlər gəlirdi ki, qəzada avtomobilə dəyən ziyanı ala bilmirlər. Hadisələrin İdarəetmə Sistemi işə düşəndən sonra bu problemlər aradan qaldırılacaq, proses elektronlaşdırılacaq".
Z. Səmədzadə nəzərə çatdırıb ki, dünyada mövcud olan 300 sığorta növündən Azərbaycanda yalnız 40 növü mövcuddur: "Azərbaycanda intellektual mülkiyyətinin sığortalanması halı da demək olar ki, yoxdur. Azərbaycanın iqtisadi potensialının 30-35%-i regionlarda cəmləşib. Bəs regionlarda yığılan sığorta haqlarının xüsusi çəkisi nə qədərdir? Bu sahədə də ciddi işlərin görülməsinə ehtiyac var".