• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:21 25 fevral 2019

Azərbaycanlılara qarşı soyqırımlarına görə Ermənistan məsuliyyət daşıyır - BƏYANAT - YENİLƏNİB

Azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, soyqırımlarına görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan daşıyır.

ONA-nın məlumatına görə, bu barədə Xocalı soyqırımının 27-ci idönümü ilə bağlı XİN və Respublika Hərbi Prokurorluğun birgə bəyanatında deyilir.

Bildirilir ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub: "Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Hərbi Prokurorluğun apardığı istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilib. Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər. Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmağa davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir. Azərbaycan əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılmasına xidmət edəcək”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR