Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Bəyoğlan oğlu Misirov şübhəli şəxs qismində saxlanılıb.
Kənan Misirovun üzərinə baxış zamanı 0,49 qaram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Kənan Misirov narkotik vasitəni həmkəndlisi Həsrət Ramazan oğlu Xalayevdən aldığını bildirib.
Tədbir zamanı saxlanılan Həsrət Xalayevdən bir ədəd kağız bükülüdə çəkisi 6,61 qaram qurudulmuş marixuana götürülüb. Həsrət Xalayev istintaqa verdiyi ifadəsində narkotik vasitəni rayonun Gərəkli kənd sakini Mahirbəy Rəcəb oğlu Abbasovdan aldığını bildirib.
Tədbirin davamı olaraq Mahirbəy Abbasovun yaşadığı evə baxış keçirilib. Axtarış zamanı evdən bir ədəd selofan torbada təmiz çəkisi 139,59 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş tədbir zamanı hər üç şəxs saxlanılıb.
Faktla bağlı Balakən RPŞ-də CM-nin 234.1 və 234.2 maddələri ilə cinayət işi başlayıb.