• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:55 17 iyul 2019

Baş nazirin müavini BMT-də Dağlıq Qarabağla bağlı qətnamələrin yerinə yetirilməməsindən danışıb

Nyu-Yorkda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT Baş Assambleyasında Əhali və inkişaf üzrə Qahirə Konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edib.

ONA-nın xəbərinə görə, Əli Əhmədov 1994-cü ildə təşkil edilən Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini qeyd edib.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə 2 milyondan çox iş yerinin açıldığını, əmək haqları və pensiyaların müvafiq olaraq bir neçə dəfələrlə artırıldığını, əhalinin 1.6 milyon artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və yüzlərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin inşa edildiyini diqqətə çatdırıb.

Eyni zamanda, ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətlərin həyata keçirildiyini vurğulayıb.

Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Əli Əhmədov Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü, DİM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu xüsusi vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR