• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:58 19 oktyabr 2020

Birinci vitse-prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Ermənistana bildirməlidir ki, bu cür addımlar hərbi cinayətdir”

“Bütün bu faciələrin, dağıntıların, insan itkisinin səbəbi Ermənistanın 27 il əvvəl Azərbaycan torpaqlarına təcavüzü və bu torpaqlarda etnik təmizləmə aparmasıdır”.

Bunu ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, Ermənistan bu müddət ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb: “Ermənistan coğrafi adları, toponimləri, həmçinin ərazidə etnik tərkibi dəyişmək istəyir. Təbii ki, bütün bunlar beynəlxalq hüquqa ziddir. Biz bunun qarşısını almaq üçün müəyyən konkret addımlar atmağa hazırıq. Biz inanırıq ki, nəhayət, beynəlxalq hüququn mexanizmləri işə düşəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, öz doğma torpaqlarından məcburi köçkün düşən insanlar torpaqlarına qayıda biləcəklər. Çox təəssüf ki, bu günə kimi beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, bir nəticə əldə olunmayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə layiqli cavab verməyib, məhz buna görə də Ermənistan bu siyasəti davam etdirir. Cəzasızlıq həmişə imkan verir ki, bir tərəf öz haqsız, hüquqsuz addımlarını davam etdirsin. Bu, müəyyən bir illüziya yarada bilər. Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” sülh müqaviləsi formulu absurddur. Ermənistan tərəfinin bu cür iddialarla çıxış etməsi onun çarəsizliyini göstərir”.

Birinci vitse-prezidentin köməkçisi nəzərə çatdırıb ki, Ermənistanın hərbi cinayətləri, işğalçılıq siyasətini davam etdirməsi nəticədə onların Azərbaycan Ordusuna döyüş meydanında məğlub olmasının başlamasına gətirib çıxardı və məğlub olurlar: “Ermənistan mülki əhaliyə qarşı hücumlar həyata keçirmək qərarına gəldi. Bu isə Cenevrə Konvensiyasına əsasən hərbi cinayət sayılır. Nikol Paşinyan bundan əvvəlki Ermənistan rəhbərləri Köçəryan və Sərkisyan kimi hərbi cinayətləri davam etdirir. Çox təəssüf ki, bu cəzasızlıq illüziyası çox təhlükəlidir. Bu illüziya imkan vermir ki, baş verənlərin həqiqi tərəfini görəsiniz. Biz inanırıq ki, Ermənistan əhalisi baş verənlərə görə Ermənistan rəhbərliyindən cavab istəyəcək. Ermənistan ordusunun Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi təcavüzlər göstərir ki, Azərbaycandan fərqli olaraq Ermənistan münaqişənin sülh yolu ilə həllinə hazır deyil. Halbuki Azərbaycan siyasi iradəsini göstərərək, bir neçə dəfə humanitar atəşkəsə sadiqliyini bildirib. Ermənistan humanitar atəşkəsi pozmaqla göstərdi ki, münaqişənin sülh yolu ilə həllinə hazır və bunda maraqlı deyil. Onlar bu yalanın, illüziyanın davam etməsini istəyirlər. Ancaq indi görürlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğaldan azad edilməsinə başlanılıb. Gəncə və Mingəçevirə hücumların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət Ermənistana bildirməlidir ki, bu cür addımlar qəbuledilməzdir və hərbi cinayətdir. Bütün regionda sabitliyin və əmin-amanlığın yaranması üçün Ermənistan bu cür addımları dayandırmalıdır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR