Böyük Britaniya Parlamentinin İcmalar və Lordlar palatalarında Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı növbəti təcavüz nəticəsində gərginləşmiş hərbi vəziyyətlə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirəyə çıxarılıb.
APA-nın Britaniya bürosunun verdiyi məlumata görə, indiyədək parlamentin İcmalar Palatasında Azərbaycanın maraqlarına cavab verən 2 ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb, Azərbaycan qrupunun rəhbərliyi və üzvləri, eləcə də ölkəmizə dəstək verən digər parlamentarilər tərəfindən parlamentin üzvlərinə və Xarici İşlər Nazirliyinin rəhbərliyinə çoxsaylı məktublar təqdim edilib, bəyanatlar səsləndirilib. Həmçinin hər iki palatada hökumətə Azərbaycanın mövqeyinə dəstək ifadə olunan çoxsaylı yazılı və şifahi suallar ünvanlanıb.
Baş tutmuş müzakirələrdə parlamentin Azərbaycan qrupunun rəhbərliyi və üzvləri xüsusi fəallıq göstərib. Onlar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan məlum qətnamələrinin yerinə yetirilməməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı mülki yaşayış məntəqələrinə, xüsusilə də münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinə qarşı dinc insan tələfatı ilə nəticələnmiş raket hücumları, ölkəmizin beynəlxalq əhəmiyyətli enerji infrastrukturuna qarşı hücumlar barədə öz həmkarlarını məlumatlandırıb, Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.
Oktyabrın 7-də Lordlar Palatasında 10-a yaxın üzvün iştirakı ilə keçirilən debatda Britaniya rəsmisi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin Britaniya tərəfindən açıq-aydın dəstəkləndiyini vurğulayıb.
Oktyabrın 21-də Baronessa Koksun Fransa Milli Assambleyasında qondarma separatçı rejimin tanınmasına dair təşəbbüsə istinad edən və bənzər təşəbbüsün Britaniyada irəli sürülməsi imkanlarına dair sualını cavablandıran hökumət rəsmisi qondarma separatçı rejimin tanınması ilə bağlı Krallıq hökuməti tərəfindən birmənalı şəkildə heç bir təşəbbüsün olmayacağını qeyd edib, bir daha münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsinin vacibliyini bildirib.
Qeyd edilib ki, bütün bunlar ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə çalışan parlamentarilərin cəhdlərinin boşa çıxdığını göstərir.