• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:48 7 oktyabr 2020

Britaniyalı parlamentarilər hökuməti Ermənistanın yeni təcavüz aktlarını pisləməyə çağırıblar

Böyük Britaniya parlamentinin üzvləri ölkə hökumətini Ermənistanın yeni təcavüz aktlarını pisləməyə çağırıblar.

APA-nın xəbərinə görə, belə bir təşəbbüslə Bob Bləkmən və Peter Bottomli çıxış ediblər.

Onlar bildiriblər ki, Ermənistanın hər gün artan təcavüz aktları Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurmanı daha da gücləndirir.

Münaqişənin köklərinə toxunan britaniyalı parlamentarilər qeyd ediblər ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon üzərində qeyri-qanuni hərbi nəzarəti 1990-cı illərin əvvəllərində 30 min insanın ölümünə və 1 milyondan çox insanın evlərindən didərgin düşməsinə səbəb olub və münaqişənin kəskinləşməsi həm Türkiyə, həm də Rusiyanı daha geniş bir qarşıdurmaya sürükləmək riski yaradır.

B. Bləkmən və P. Bottomli Böyük Britaniya hökumətini 1994-cü ildə imzalanan atəşkəs rejimini açıq şəkildə pozduğu üçün, habelə Azərbaycan Silahlı Qüvvələri və mülki şəxslərin mövqelərini intensiv şəkildə iriçaplı silahlardan, minaatanlardan və toplardan atəşə tutduğuna görə Ermənistanı qınamağa çağırıblar.

Parlamentarilər hökumətdən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasına dair çağırış etməyi də tələb ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR