Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini Güllü Aslanova erməni analarına çağırış edib.
71 yaşlı Güllü Aslanova ONA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, erməni anaları bilə-bilə öz övladlarının ölümünə səbəb olur.
“Əgər erməni anaları oğlanlarının tabutunu görmək istəmirlərsə, hərbçi övladlarını Dağlıq Qarabağdan geri çağırsınlar. Çünki Azərbaycanın Ali Baş Komandanı hər an əmr verə, hər an onların övladlarının olduğu səngərlər gülləbaran edilə bilər. Bu səbəbdən oğullarını Qarabağa göndərməsinlər”.
Güllü Aslanova deyir ki, 25 il ata-baba yurdunun həsrəti ilə yaşayıb: “Ən böyük arzum canımı Cocuq Mərcanlıda tapşırmaq olub”.
G.Aslanova uzun illərdən sonra Cocuq Mərcanlıya tək qayıdıb. 6 uşaq anası övladlarının təkidinə baxmayaraq, Bakıda onlarla qalmayıb. Kəndin bərpa olunduğunu eşidən kimi öz doğma yurduna qayıdıb: “Uşaqların hamısı ali təhsillidir, hərəsi də öz işində, gücündə. Mən bu torpaqdan çıxdığım gündən geri qayıdacağım günün xəyalı ilə yaşamışam”.