Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı “Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən ONA-ya verilən məlumat bildirilir ki, soydaşlarımızın təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının nümayəndələri də iştirak edib.
Aksiyada Kopenhagen Universitetinin professoru, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri Məsud Aşina, Vətən Cəmiyyətinin rəhbəri Səfər Sadiqi, hüquqşunas Emil İgidov, Aytac İmanova, Leyla Hüseynova, Skandinaviya Türk Federasyonları başkanı İlhan Esen, Türkiyənin Danimardakı səfiri Üğur Kənan İpək çıxış edərək Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Gəncə terroru barədə danışıb, dünya ictimaiyyətini günahsız uşaqların ölümünə biganə qalmamağa səsləyiblər.
Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində isti yataqlarında yatarkən qətlə yetirilən məsum körpələrin xatirəsini yad etmək üçün meydana rəmzi olaraq uşaq yataqları düzülüb. Yataqların üzərində şamlar yandırılıb, oyuncaqlar və gül dəstələri qoyulub.
Azərbaycan,Türkiyə və Danimarka bayraqlarının dalğalandığı meydanda Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoy!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.