“Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov bildirib.
E. İbrahimov deyib ki, Azərbaycan Prezidentinin qərarı ilə bir müddət əvvəl DSX-nın Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunub: “Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub. Bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi ilə əlaqədar olub. Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklərdə yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaranıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.