“Son illər 200 000 hektar torpaq sahəsi şoranlaşmadan xilas olunub”.
ONA-nın xəbərinə görə, bunu Bərdəyə səfər edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə deyib.
ASC sədri bildirib ki, torpaqların şoranlaşmasının qarşısını almaqda əsas çətinlik qrunt sularının səviyyəsinin qalxdığı ərazilərdə torpaqların xırda fermerlərdə olmasıdır: “Qrunt sularının səviyyəsi yüksək olan 600 min ha torpaq daim nəzarət altındadır. Son illər görülən tədbirlər, apardığımız bərpa işləri nəticəsində vəziyyət yaxşılığa doğru dəyişib. Sudan səmərəli istifadə, kollektor şəbəkəsində təmir-bərpa işlərinin aparılması, yeni kollektor şəbəkələrinin çəkilməsi nəticəsində 200 min ha torpaq sahəsində şoranlaşma aradan qaldırılıb. Torpaqlar pay torpağı kimi əhaliyə paylandığına görə yuyulma texnologiyası çətinləşib. Fermerlərdən biri razı olsa da, digəri bu prosesi aparmaq üçün razılıq vermir. Buna görə də pay torpaq sahibləri öz aralarında razılıq əldə etməlidir ki, bu proses aparıla bilsin. Nəticədə biz də onların təsərrüfat suyuna olan etiyacını ödəyə bilərik”.