• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    22:05 14 dekabr 2020

Ərdoğan: "Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb"

“Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə növbəti iclasında Azərbaycanla bağlı müzakirələrin olduğunu qeyd edərkən bu fikirləri səsləndirib.

Azərbaycan himninin müəllifi Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna ithaf etdiyi şeiri səsləndirən R.T.Ərdoğan bildirib ki, keçmişdə olduğu kimi yenə də Azərbaycanda Türkiyəyə qarşı olan sevgi və ehtiramın Bakıya son səfəri müddətində bir daha şahidi olub: “Dəyərli qardaşım İlham Əliyevin kübar dəvətilə Azərbaycana səfərimizə çox önəmli mesajlar daxildir. Azadlıq meydanındakı Zəfər Paradında mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının yendən təsdiqinin şahidi olduq. Bakı küçələrində, əllərdə, avtomobillərdə, eyvanlarda, pəncərələrdə dalğalanan Türkiyə və Azərbaycan bayraqlarını gördük, insanların zəfər sevincinə heyətimizlə birgə biz də qoşulduq. Vətən Müharibəsində Azərbaycan Ordusundan şəhid olan 2783 hərbçimizi və 100 məsum şəhidimizi ehtiramla yad etdik. Beləcə, Türkiyə və Azərbaycanın sevincinin də, kədərinin də bərabər olduğunu bütün dünyaya sübut etdik”.

Türkiyə Prezidenti deyib ki, Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb: “Türkiyə-Azərbaycan keçmişdən gələcəyə sarsılmaz bir körpü inşa edib. Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyilə 44 günlük qətiyyətli bir mübarizə ilə zəfər qazanıb. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük zəfər hərbi, diplomatik və siyasi baxımdan çox böyük anlamlar daşıyır. Qarabağ artıq donmuş bir münaqişənin həlli ilə haqqın batilə qalib gəlməsinin bir rəmzini daşıyır. Laçından Şuşaya, Füzulidən-Kəlbəcərə həmd olsun əzanlar səslənir, Azərbaycan bayrağı dalğalanır. Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb. İnşallah bundan sonra Qarabağda münaqişə yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, kin-küdurət yerinə yaxşı bir qonşuluğun əsası qoyulacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR