İllinoys ştatının Skokie şəhərinin meri Corc Van Dusen Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar bu il fevralın 26-nın Xocalı Faciəsinin Anım Günü elan edilməsi barədə bəyanat verib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən ONA-ya bildirilib ki, bəyanatda ölkəmizin Dağlıq Qarabağ regioununda 1988-ci ildən etibarən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq, Ermənistan hərbi qüvvələrinin 1992-ci il fevralın 25-26-da Rusiyanın 366-cı alayı ilə birlikdə Xocalını işğal edərək mühasirəyə alması qeyd olunub. Sənəddə ərazini tərk etməyə çalışan mülki əhalinin atəşə tutulması nəticəsində həmin dövrdə Avropanın ən böyük qırğınının həyata keçirilməsi vurğulanıb.
C. Dusen bəyanatda 106-sı qadın, 83-ü uşaq və 70-i yaşlı olmaqla 613 mülki şəxsin öldürülməsi, 150 insanın itkin düşməsi, 487 nəfərin yaralanmasını təəssüf hissi ilə qeyd edib. Bəyanatda Xocalı faciəsi müharibə zamanı törədilə bilən ən dəhşətli qığın kimi qiymətləndirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirəlməyib, BMT Baş Assambleyasının, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Amerika-Azərbaycan Şəbəkəsi, o cümlədən, ABŞ-ın Dövlət Departamenti və Ağ Ev tərəfindən Dağlıq Qarabağ region da daxil olmaqla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tanınıb.
Səfirlikdən bildirilib ki, İllinoys ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanladığı məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün Mərkəzə minnətdarlıq ifadə edilib. Daha yaxşı gələcəyin qurulması üçün tarixi faktların tanınmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Həmçinin, Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşma, əlaqələndirmə və dözümlülüyü daha da artıracağına ümid etdiyini bildirib.
Fevralın 17-də Çikaqo şəhərində İlonoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin iştirakı ilə baş tutub.