“ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı operativ mexanizmi unikaldır. Üç həmsədr ölkənin inamla çalışması və bir səslə danışması bizi məmnun edir”.
APA-nın xəbərin görə, bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.
Fransalı həmsədr bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası tərəfindən aparılan vacib monitorinqlər Minsk qrupunun fəaliyyətini davamlı inkişaf etdirir: “Bu format münaqişənin həlli üçün müvafiq mexanizmdir. Sizin kimi, mən də müntəzəm olaraq, konfliktin 25 ildən çox davam etdiyini, bəzən həmsədrlərin böhranı həll edə bilməyəcəyi barədə təşkilatın xaricində tənqidlər eşidirəm. Bəzi radikallar tamamilə prosesi sıfırdan başlamağı tələb edir, bəziləri isə yeni yanaşmalar təklif edirlər. Mən səmimi olaraq deyim ki, səslənən təkliflər qeyri-realdır. Səbirsizlik başa düşüləndir. Lakin aydın olmalıdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız vasitəçi mandatına uyğun fəaliyyət göstərə bilər. Həmsədrlər təklif edir, kömək göstərir, bəzən isə böyük cəsarətlə tərəfləri ruhlandırır. Ancaq həmsədrlərin tərəflərə nəyisə məcburi qəbul etdirmək kimi bir mandatı yoxdur. Biz fərqində olmalıyıq ki, bu çətin iş bizim kiçik komandamız tərəfindən görülür. Biz təmkinli, lakin təkrarlanan intensiv cəhdlərimiz nəticəsində bağlı qapılar arxasında aparılan danışıqlarla yaradıcı yanaşmalar təklif etməklə, habelə situasiyanı stabilləşdirərək və insan həyatını xilas edərək prosesə töhfə veririk. Tərəfləri sülhə və onun tələb etdiyi güzəştlərə inandırmaq səyləri daimi dialoq yolu ilə həyata keçirilir”.
S. Viskonti qeyd edib ki, son vaxtlar regionda situasiya stabildir: “Bu, danılmaz faktdır. 2018-ci ilin sentyabrında Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə keçirilən görüşündən sonra bu müsbət vəziyyət yaranıb. Hər iki ölkə liderlərinin məsuliyyət və təmkin hissi təqdir edilməlidir. Siyasi cəbhədə dialoq heç vaxt dayandırılmadı və bu, son zamanlarda daha etibarlı şəkildə görünməyə başlayıb. Bu istiqamətdə Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında danışıqlara verilən təkanı da xatırlatmaq istərdim”.
Həmsədr vurğulayıb ki, Fransa hökuməti xalqları sülhə hazırlamaq üçün tərəflərin rəsmi öhdəliyinin vacibliyinə inanır: “Xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovla bu ilin yanvarın 16-da Parisdə görüşümüz zamanı ilk dəfə Milanda irəli sürülən bu konsepsiyaya həlledici təkan verildi. Bu uzun müddətdir, davam edən münaqişənin nizamlanması istiqamətində irəliləyiş üçün şərtdir. Sülhə hazır olmalı olan xalqların dəstəyi olmadan, mənfi stereotipləri ləğv etmədən, qarşılıqlı hörmətə əsaslanan ictimai ünsiyyəti təşviq etmədən və münaqişənin təsirinə məruz qalmış ailələr və vətəndaşlar arasında fərdi əlaqələri yeniləmədən heç bir həll mümkün olmayacaq. Həmçinin Fransa hesab edir ki, tərəddüd edilmədən bölgədəki qadınların dialoqa cəlb edilməsi təşviq edilməlidir. Son zamanlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşlərdə qadınların bu məsələdə rolunun artmasının faydalılığını müzakirə etdik. Hər iki tərəf də bu fikri alqışladı”.
S. Viskonti qeyd edib ki, Fransa hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin yerlərdəki fəaliyyətinə sadiq qalır: “Xüsusilə itkin düşmüş şəxslər barədə informasiyanın toplanılması alqışa layiqdir. Bu, hər iki tərəfin ən yüksək səlahiyyətli orqanları tərəfindən 2015-ci ilin dekabr ayında Paris Zirvə görüşündə təsdiqlənmiş təşəbbüsdür. Çoxlu sayda ailə harada olmasından asılı olmayaraq, əzizləri barədə informasiya əldə edəcəyinə ümidlidir. Bu humanitar aksiya bir neçə münaqişədə uğurla həyata keçirilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti cənab Peter Maurer də təsdiqlədi ki, onun komandası buna hazırdır. Onların müvafiq tərəflərin fəal dəstəyinə ehtiyacı var. Mən öz fikrimi bununla tamamlamaq istərdim ki, Fransa bölgədə xalqların sabitliyi və rifahı naminə ədalətli və tarazlı həll tapmasına dair davamlı səylərinə sadiqdir. “Status-kvo” heç kimin marağında deyil. Bu istiqamətdə hərəkət etmək üçün səylərimizi əsirgəməyəcəyik”.