"Müasir peyk texnologiyaları müasir münaqişələrin xəritələrinin çəkilməsində, qeyri-qanuni fəaliyyətin, hərbi cinayətlərin və bəşəriyyətə qarşı cinayətlərin sənədləşdirilməsində və sübutların təmin edilməsində böyük rol oynayır”.
ONA xəbər verir ki, bunu “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk şəkillərinə əsaslanan sübutlar adlı hesabatın təqdimatı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistanın işğalı altında olan ərazilərdə qeyri-qanuni fəaliyyəti münaqişənin həllinə mane olur və bu kimi fəaliyyətə son qoyulmalıdır.
Onun sözlərinə görə, Dağlıq Qarabağ və 7 rayonda Azərbaycana məxsus təbii sərvətlər Ermənistan tərəfindən talan edilir: “Təbii resurslar Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana ötürülərək dünya bazarına çıxarılır. Beynəlxalq hüquqa əsasən, işğalçı ölkə işğal etdiyi ərazilərdə qanunsuz fəaliyyətlə məşğul olmamalıdır”.
H.Hacıyev həmçinin dünya ölkələrini öz hüquqi və fiziki şəxslərinin Qarabağa qanunsuz səfər etməsinə qarşı mübarizə aparmağa səsləyib və ATƏT-i işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətə diqqət yetirməyə çağırıb. O qeyd edib ki, Azərbaycan Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.
Tədbirdə çıxış edən “AzərKosmos”un sədri Rəşad Nəbiyevin sözlərinə görə, Azərbaycan öz peykini sülh, stabillik və təhlükəsizlik məqsədləri üçün istifadə edir: “Biz öz peyklərimizi həmçinin işğal altında olan ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə edirik”.
Qeyd edək ki, hesabatda qanunsuz fəaliyyət haqqında ətraflı məlumat verilir. Layihə “AzərKosmos” və ATƏT yanında Azərbaycanın Daimi nümayəndəliyinin köməyi ilə ərsəyə gəlib.
Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak ediblər.