“Hazırki şəraitdə Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq ictimaiyyət aktiv səy göstərərək Ermənistanın danışıqlar prosesində konstruktiv rol oynamasını təmin etməlidirlər”.
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan müəyyən iddialar irəli sürür və bu da danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan danışıqlar prosesini dəstəkləyir və Azərbaycanın konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.