• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    19:42 6 fevral 2021

Hikmət Hacıyev: "Bu dağıntılar Ermənistanın əsl mahiyyətini göstərir" - VİDEO

“Azərbaycan Prezidenti tərəfindən tapşırıq verilmişdi ki, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin, xarici jurnalistlərin səfərləri təşkil olunsun. Beləliklə, onlar öz gözləri ilə işğaldan azad olunan ərazilərimizdə törədilmiş bu vəhşilikləri görsünlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan əvvəl Füzuli və Ağdam şəhərlərinə bu qəbildən səfərlər təşkil olunub.

H. Hacıyev deyib ki, Ermənistan illər ərzində özünü sivil xalq adlandırıb, lakin bu dağıntılar onların əsl mahiyyətini göstərir: “Bu, vəhşilikdir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan bu günə qədər ilk dəfədir ki, İran-Azərbaycan sərhədinə tam nəzarəti həyata keçirir: “Prezident İlham Əliyev tərəfindən İran-Azərbaycan sərhədi “dostluq sərhədi” adlandırılıb. Bu sərhədin tam nəzarətə götürülməsi qonşu ölkələr olan İran və Azərbaycan əlaqələrinə də öz töhfəsini verəcək.

İranla Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. İşğaldan azad edilən ərazilərin yenidən qurulması çərçivəsində İranla da kommunikasiya xətlərinin bərpası məsələsinə baxılacaq”.

H. Hacıyev deyib ki, bu səfərdə iştirak edən səfirlərin bir qismi münaqişə zonalarında xidmət edib: "Heç kəs bu dərəcədə dağıntını təsəvvür edə bilmir. Səfirlər bu dağıntının nə məqsədlə törədildiyini başa düşə bilmirlər. “Yəni ermənilər bu torpaqları işğal etmişdilərsə, hər hansı formada istifadə edə bilərdilər. Lakin bu dağıntılar onu göstərir ki, onlar bu torpaqlardan istifadə etməyi də bacarmayıblar. Onların yeganə işi, amalı zəbt etmək, dağıtmaq və vandalizm olub”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR