"Ermənistan tərəfinin danışıqlar formatını dəyişdirmək iddiaları əsassızdır".
ONA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev qeyd edib ki, görüşlər də görüş naminə deyil, nəticə yönümlü olmalıdır: "Həmsədrlərin bəyanatında da Azərbaycanın mövqeyi ifadə olundu. Bəyanatın bir qismi Azərbaycanın mövqeyini əks etdirir və birbaşa Ermənistana ünvanlanıb. Danışıqlarda hər hansı şərtin qoyulması qəbulediməzdir və danışıqlar olduğu şəkildə davam etdirilir. Bəyanatda həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi də doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər qayıtmalı və xalqların öz müqaddəratını təyinetmə prinsipinə əməl olunmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddəratını təyin etmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır".