“30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankaranın Polatlı rayonundakı hərbi təlim mərkəzində keçirilən “Atəş sərbəst-2020“ hərbi təlimlərində jurnalistlərə açıqlamasında deyib.
“Bu, heç səmimi deyil. Məsələnin çox sadə yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə söylədik, Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”, - deyə nazir vurğulayıb.