Bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, mətbuat konfransında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Düşənbədə anadan olmuş Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb və o da hər yay Bakıya nənəsinin yanına gəlib.
A. Sofiyeva deyib ki, onunla söhbətdə Aznif Baqdasaryana da bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.
A. Baqdasaryan iki xalqın uzun müddət dostluq şəraitində yaşadığını vurğulayıb: “Biz yüz illərlə müharibə aparmalı deyilik. İstəmirik ki, analar uşaqlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın”.
A. Baqdasaryan Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.