“Burada müharibənin acınacaqlı üzünü, dağıntılarını görmək mümkündür. Biz burda dağıntıların şahidi olduq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato bildirib.
E. Rosato hesab edir ki , başqa bir yerdə Ağdamdakından daha təsirli görüntülər görmək mümkün deyil: “Bura tərk edilmiş torpaqlardır, bundan sonra bura həyat qayıdacaq. Ağdamda zorakılığın şahidi olduq, bütün evlər, bütün infrastruktur dağıdılıb, təbiət bundan ziyan görüb. Azərbaycan xalqının böyük səyi nəticəsində bu torpaqlara həyat qayıdacaq, dağıdılmış, yerlə yeksan olmuş evlər yenidən bərpa olacaq. İnanıram ki, biz 5 ildən sonra bura gələndə fərqli mənzərə ilə qarşılaşacağıq”.
Qeyd edək ki, Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edirlər.