• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:58 2 may 2019

İSESCO baş direktoru: "Dünya Azərbaycana ədalətsiz yanaşır"

“Bütün münaqişələr, ədavət, ayrı-seçkiliklər, bərabərsizlik əslində onu göstərir ki, siyasi iradə olmayanda hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də nəzarət olunmur”.
ONA-nın məlumatına görə, bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, supergüclər öz aralarında mübarizə aparır və dünya məsələlərinə diqqətlə yanaşmır: "Biz qarşımızda qoyduğumuz hədəflərə çatmaq üçün dialoqa nail olmalıyıq. Əsas güc böyük dövlətlərin rəhbərlərinin, ikinci güc elm adamlarının üzərinə düşür. Düzgün yanaşma göstərməli, dini və mədəni dəyərləri nümayiş etdirməliyik. Məscidlər, kilsələr, sinaqoqlar və dünyanın digər məbədlərində dindarlar bununla bağlı tərbiyəvi iş aparmalıdır. Niyə bu gün biz ksenofobiyaya qalib gələ bilmirik? Bu, hamımızı narahat edir. Bəlkə də digər dünya müharibəsi başlaya bilər. İstərdik ki, ABŞ və Rusiya Venesuelada dialoqu təşviq etsinlər. Belə kamil dünyada yaşadığımızı görmək istərdim. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bu isə beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan sülh və qarşılıqlı hörməti təşviq edən ölkədir. Dünya Azərbaycana yardım etmir. Azərbaycana ədalətsiz yanaşır. Fələstinin də problemi həll olunmalıdır. Buna göz yummaq olmaz. Cammu və Kaşmir bölgələri ilə bağlı məsələlər də həllini tapmalıdır. Bütün bunları həll etmək marağımız olmasa, bu məsələlər yerindən tərpənməyəcək".

İSESKO-nun baş direktoru həmçinin deyib ki, Forumda iştirak edənlər ölkələrin ərazi bütövlüyünün bərpa olunması üçün Azərbaycana dəstək verəcəyinə inanır: “Azərbaycan Prezidentinə bu Forumun yüksək səviyyədə təşkili üçün təşəkkür edirəm. Forumda iştirak edən ölkələrin sülh və rifahın bütün dünyada bərqərar olmasını dəstəkləyəcəklərini arzulayıram”.



Məlahət

Teqlər:

SON XƏBƏRLƏR