İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Komitədən ONA-ya daxil olan bəyanatda qeyd olub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət soyqırımı kimi tanınmalıdır: “Cinayətkarlar dinc əhalini amansızcasına qətlə yetirib yaşlı, qadın və uşaq demədən dözülməz işgəncəyə məruz qoyublar. Xocalıda törədilmiş kütləvi insan qırğını genosid faktıdır”.
Bəyanatda həmçinin qeyd olunur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya Ədalət” kampaniyası faciənin dünyada soyqırımı faktı kimi tanınmasında mühüm rol oynayır: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi hesab edir ki, Azərbaycana qarşı uzun illər sürən işğalçılıq siyasətinə, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasına son qoyulmalıdır”.