"Dağlıq Qarabağ problemi ciddi və çox həssas problemdir. Təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün region üçün həssasdır".
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Rusiyalı diplomat bu problemin həlli ilə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin məşğul olduğunu xatırladıb: "Onlar çox aktiv fəaliyyət göstərirlər. Münaqişə tərəfləri arasında görüşlərin təşkil edilməsinə yardım edirlər. Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərinin təşkil edilməsinə öz töhvələrini verirlər. Məncə, ötən ilin yekunu kimi hər şeydən əvvəl Azərbaycan və Ermənistan rəhbərliyi, XİN başçıları arasında təmasların qurulmasını göstərmək olar. Onlar beynəlxalq ictimaiyyətin köməyi ilə mümkün həll yollarının axtarıb tapılmasına çalışırlar. Bu proses bundan sonra da davam edəcək".