Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra buraya yerləşdirilmiş ermənilər rayonu tərk edirlər.
APA-nın xəbərinə görə, Kəlbəcəri tərk edən ermənilər yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparırlar. Onlardan bəziləri hətta evlərinə od vurub yandırır.
Kəlbəcərdən reportaj hazırlayan “BBC News”un Moskva müxbiri Stiv Rozenberqə danışan ermənilər yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün bu addımı atdıqlarını bildiriblər.
Kəlbəcərdən ermənilərin köçü ilə bağlı “Sputnik Armenia” da material yayımlayıb. "Sputnik Armenia"nın çəkiliş qrupunun məlumatına görə, Kəlbəcəri tərk edən ermənilər sözün həqiqi mənasında evləri, dükanları, elektrik yarımstansiyaları söküb dağıdırlar.
Ermənilər çoxlu sayda mikroavtobus və yük maşınlarında daşına bilən hər şeyi – ev əşyalarını, mebelləri, heyvanları aparırlar.
“Sputnik Armenia”nın da əməkdaşları ermənilərin yaşadıqları evlərə od vurduqlarını qeyd ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.