“Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir, hansı ki, müharibəni dayandırıb”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla keçirdiyi görüşdə bildirib.
O bu bəyanatın qaçqınların öz evlərinə qayıtmasını təmin etdiyini söyləyib: “Biz iqtisadiyyatın bərpa olunması ilə bağlı razılıq, humanitar problemlərin həlli, kommunikasiya və nəqliyyatın bərpa olunmasına dair razılıqlarla Cənubi Qafqazın ziddiyyətlər regionundan sabitlik və çiçəklənən regiona çevrilməsinə real şərait yarada bilərik. Bu regionda yaşayan xalqların maraqları naminə bu istiqamətdə hərəkət etmək üçün hər cür dəstəyi göstərəcəyik. Rusiya sülhməramlıları cavabdeh olduqları zonada yerli əhali ilə fəal əməkdaşlıq edir. Onlar qaçqınların qayıtmasına, ərazilərin minalardan təmizlənməsinə köməklik göstərir, Dağlıq Qarabağın sakinlərinə tibbi yardım edirlər. Azərbaycan və Ermənistan tərəfi ilə sıx təmasda humanitar yardım mərkəzi yaradılır. Biz regionda dinc həyatın bərpa olunması üçün resurslarını, təcrübəsini, potensialını istifadə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətlərini hər cür dəstəkləyirik. Xüsusilə də Rusiya rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə əlavə birdəfəlik könüllü köçürmə edilməsi haqqında qərar verib”.
Rusiya XİN başçısının sözlərinə görə, ən vacib məsələlərdən biri hərbi əsirlərin dəyişdirilməsidir: “Sülhməramlılarımız vasitəsilə hərbi əsirlərin mübadiləsinin tezliklə baş tutmasına hər cür yardım göstərəcəyik. Bu mövzunun əsirlikdə olanların doğmaları, yaxınları üçün nə qədər acı olduğunu bilirik. Həlak olanların cəsədlərinin mübadiləsi də problemin emosional hissəsidir, bunun da tezliklə həll olunması vacibdir”.