• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:12 5 mart 2019

Leyla Abdullayeva: “Qarabağın gələcəyini yerli əhali həll etməlidirsə, Ermənistan vətəndaşlarının orada nə işi var?”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, L.Abdullayeva Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistan baş nazirinə belə bir sual ünvanlayıb: “Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?”

L.Abdullayeva deyib ki, Ermənistan baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyil: “Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azı özü və xalqı qarşısında vicdanlı davranmalı, Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəyəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim”.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR