"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda haqlı tərəfdir. Rəsmi Bakı münaqişənin ədalətli yolla həllini istəyir. İstəyir ki, işğal altındakı torpaqları azad olunsun, işğala son qoyulsun. Yalnız bundan sonra iki ölkənin xalqları arasında dialoq, qarşılıqlı anlaşma baş tuta bilər".
Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın tanınmış jurnalisti, siyasi ekspert Maksim Şevçenko bildirib.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirilən humanitar təkliflər barədə danışan rusiyalı ekspert Azərbaycan rəhbərliyinin bu məsələdə haqlı mövqe tutduğunu söyləyib: "Ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü bu ağıllı siyasət milliyyətçi ehtiraslı siyasətin müşahidə olunduğu Ermənistan tərəfi üzərində qələbə çalacaq. Ümid edirəm ki, hər iki tərəfdən olan müdrik insanları ümumi dil tapacaqlar və Cənubi Qafqaza bu və ya başqa yolla sülh gələcək”.
M.Şevçenkonun fikrincə, Qarabağ münaqişəsi təkcə Azərbaycan xalqı üçün faciə deyil: “Ermənilər üçün də faciədir. Onlar da vətənlərini itiriblər. Bakıda, Sumqayıtda və digər şəhərlərdə yaşayan erməniləri nəzərdə tuturam. Azərbaycanlılar isə min illərlə yaşadıqları Qarabağı və İrəvanı, Zəngəzuru itirdilər. Ona görə də hesab edirəm ki, sülh təşəbbüsü göstərən Bakının mövqeyi Qarabağ münaqişəsinin dinc yolla həllinə aparan yeganə yoldur. Bu yola alternativ yoxdur. Ermənistan inadkarlıq etməməlidir. Onlar fikirləşirlər ki, 1992-ci il müharibəsinin nəticələri qorunub saxlanılsın, Tutduqları Azərbaycan ərazilərini özlərində saxlasınlar. Bu, öz-özlüyündə absurd mövqedir. Ermənistan bu mövqedən əl çəkməlidir. Mənə elə gəlir ki, əgər Ermənistan Avropa, demokratik və müasir ölkə prinspilərindən danışırsa, o zaman bu demokratiya hamı üçün olmalıdır. Bu demokratiya sözdə deyil, əməldə olmalıdır. Demokratiya ilk növbədə insan hüquqlarının qorunması və ona hörmət olunması deməkdir. Ona görə də Ermənistan torpaqlarını itirən insanların hüquqlarına hörmət etməlidir".
M.Şevçenko təəssüflə qeyd edib ki, dünya nəhəngləri Azərbaycan və Ermənistan arasında olan bu münaqişədən öz maraqları üçün istifadə edirlər: “Lakin bundan sadə insanlar əziyyət çəkir. Mənə elə gəlir ki, özünü xalqın lideri hesab edənlər üçün ilk növbədə insanların maraqları öndə gəlməlidir. Azərbaycan prezidenti İlham Əliyev öz əməlləri ilə ilk öncə xalqının maraqlarını müdafiə etdiyini sübut edib. İstərdik ki, Paşinyan da belə olsun. Ermənistandan uzaqda, ABŞ-da və ya Avropada yerləşən hansısa nəhəng maliyyə qruplarının deyil, Ermənistan xalqının maraqlarını müdafiə etsin”.
Rusiyanın Qarabağla bağlı danışıqlar prosesində təşəbbüsü yenidən əl alması haqqında fikirlərə münasibət bildirən M.Şevçenko bildirib ki, Rusiyanın mövqeyi olmadan Qarabağ münaqişəsi, ümumiyyətlə, həll oluna bilməz: "Rusiya dünya nəhəngləri arasında bu münaqişəsinin sülh yolu ilə həll olunmasında daha çox maraqlıdır. Çünki Rusiya həm münaqişə tərəfləri ilə qonşudur, həm də bu ölkədə böyük Azərbaycan və Ermənistan diasporu var. Ona görə də Rusiya bu münaqişədə əsas maraqlı tərəfdir. O ki qaldı Rusiyanın münaqişənin həlli ilə bağlı hansısa planının olub-olmamasına, deyə bilərəm ki, indiyə kimi gündəmdə Lavrov və Medvedev planları olub. Mətbuatda bu planların adları belə gedib. Əslində bu planlarda qeyd olunanlar dəfələrlə Rusiyanın dövlət başçıları tərəfindən səsləndirilib. Bilirsiniz ki, mən tez-tez Rusiya hakimiyyətinin daxili siyasətini tənqid edirəm. Amma bu məsələdə Rusiya hakimiyyətinin siyasətini dəstəkləyirəm. Çünki Rusiya Qarabağ münaqişəsinin güc yolu ilə həllinin əleyhinədir. Çalışır ki, münaqişə dinc, sülh yolu ilə həll olunsun. Rəsmi Moskvanın verdiyi təkliflər də məhz müharibənin qarşısını almağa yönəlib. Çünki Qarabağda yeni müharibə Rusiyanın ərazisinə də təsir edəcək. Dağıstan, Şimali Qafqaz bir-birinə qarışacaq. Krasnodar diyarı, Rostov vilayətində çoxlu sayda ermənilər yaşayır. Rəsmi Moskva bütün bu məqamları çox yaxşı başa düşür. Ona görə də ancaq sülhə aparacaq həll yolunu dəstəkləyir”.
Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündən sonra ABŞ-ın nazirlərin növbəti görüşünün keçirilməsi ilə bağlı təklifini şərh edən rusiyalı siyasi ekspert Vaşinqton üçün Ermənistan-Azərbaycan münaqişəsinin manipulyasiya aləti olduğunu vurğulayıb: "Onlar Qafqaza sadəcə olaraq böyük geosiyasi siyasi oyun çərçivəsindən baxırlar. Azərbaycan və Ermənistan xalqlarının damarlarında axan qan onlar üçün su kimidir. Amma Rusiya üçün bu belə deyil. Qarabağ münaqişəsi Moskva üçün iki Qafqaz xalqının faciəsi deməkdir. Mən amerikalıların Cənubi Qafqaza müdaxilə etməsinin qəti əleyhinəyəm. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, regionun taleyi üç qonşu dövlət olan - Rusiya, Türkiyə və İran tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə həll olunmalıdır. Yəni kim Qafqazın tranzit dəhlizi olmasında maraqlıdırsa, məhz onlar regionun taleyini həll etməlidirlər. ABŞ-a müharibə lazımdır. Onlara Kiçik Asiya, Yaxın Şərq və Qafqazda vəziyyəti gərginləşdirmək lazımdır. Mən onların Cənubi Qafqazda mövcudiyyətinə çox böyük təhlükə kimi baxıram. Dünyada ABŞ kəşfiyyatının ən böyük qərargahlarından birinin məhz İrəvanda yerləşməsi boşuna deyil. Bu, çox böyük təhlükədir. ABŞ İranla müharibə planından hələ də vaz keçməyib. İrana qarşı müharibə isə Cənubi Qafqaz üçün qorxunc nəticələrə gətirib çıxaracaq".