• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:47 28 aprel 2021

Media nümayəndələri Zəngilanda birinci “Ağıllı kənd” layihəsinin icrası ilə tanış olublar - FOTO

Media nümayəndələri Zəngilan rayonunda 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin icra edildiyi ərazidə olublar.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər layihənin icrası, ərazidə aparılan işlərlə ilə maraqlanıblar.

Mətbuat təmsilçilərinə layihə və görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətləri də iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri.

Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Media nümayəndələrinin Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə bu gün Cəbrayıl və Zəngilan rayonlarına media-turu təşkil olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR