• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:30 18 fevral 2021

Məlik-Aslanovların kolxoza verilmiş mülkü, Dizaq məliklərinin sarayı, XII əsrə aid alban məbədi - TUĞDAN REPORTAJ

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəlki yazıları buradan oxuya bilərsiniz:

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ

Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ

Erməni vandallığının Cəbrayıldakı izləri, ordumuzun darmadağın etdiyi “Ohanyan səddi” mifi - REPORTAJ

Qarabağ yükünü çiynindən atan Xudafərin: O tayın, bu tayın həsrət körpüsü

Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ

Hər qarışı cənnət Laçın - REPORTAJ

Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ

Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ

Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ – FOTOLAR

Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı - REPORTAJ - FOTOLAR – VİDEO

Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ - FOTOLAR

Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu - REPORTAJ - FOTOLAR

Ermənilərin yandırdığı polis, 29 ildən sonra evini tapan Salakətin sakini, dərəyə aşırılan erməni avtobusu - REPORTAJ – FOTOLAR

Salatın Əsgərovanın anasının baba evi

Hə, demişdik axı, Tuğdakı tarixi-mədəni abidələrdən bəhs edəcəkdir, özü də Xudadat bəy Məlik-Aslanovun mülkündən başlayacaqdıq.

Ötən yazımızda qeyd etdiyimiz kimi Xudadat bəy Məlik-Aslanovun mülkü Tuğun mərkəzində yerləşir. Sovet hökuməti təzə qurulan vaxtı ev Məlik-Aslanovlardan alınaraq kolxoza verilir və bir müddət burada kolxoz idarə heyəti yerləşir. 1960-cı illərdən sonra isə nəslin nümayəndələrinin dövlətə çoxsaylı müraciətləri nəticəsində ev geri qaytarılır.

Qonşuları Cəmil Bayramov deyir ki, Məlik-Aslanovun qohumları, nəslin nümayəndələri hər yay gəlib burada dincəlirdilər: “Bura Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anasının da baba evidir. Salatın Əsgərova dəfələrlə bu evdə olub, hətta oğlu Ceyhun da bura qonaq gəlib. Yadıma düşür, anası qətlə yetiriləndən sonra balaca Ceyhun əlinə daş alıb deyirdi ki, gedirəm erməniləri öldürməyə. Biz onu güclə saxlayırdıq”.

Cəmil Bayramov o vaxtdan evin görkəminin xeyli dəyişdiyini də təəssüflə bildirir: “Tuğ işğal ediləndən sonra əksər binalarımız, evlərimiz kimi, bu evi də bərbad günə qoyublar. Əvvəl böyük balkonlu bir imarət idi, bizim evə tərəf isə iki pəncərəsi vardı. O pəncərəni bağlayıblar. Bir də yeni tikintilər əlavə edilib. Xarici görünüşü, içi acınacaqlı vəziyyətdədir. Girib baxa bilərsiniz, sanki burada insan yaşamırmış. Bir qapıya belə rəng vurmayıblar”.

Ümid edək ki, işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrin bərpası çərçivəsində Azərbaycan Cümhuriyyəti zamanı Yollar, Poçt və Teleqraf naziri olmuş Xudadat bəy Məlik-Aslanovun mülkü də təmir edilib, Tuğun bu böyük nəslinin tarixini özündə birləşdirən muzeyə çevriləcək.

Tuğ kəndinin məşhur nəsli Məlik-Aslanovlardan danışmışkən, Dizaq məliklərindən bəhs etməmək düzgün sayılmaz. Çünki bura həm də Dizaq məlikliyinin mərkəzi sayılıb. Ermənilərin öz adlarına çıxmaq istədikləri Dizaq məlikləri isə həqiqətdə alban əsilli olublar.

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev XV əsrdən etibarən alban Həsən Cəlalın nəslinin beş məlikliyə bölündüyünü bildirir: “Onlardan biri Dizaq məlikliyi idi. Onu vurğulamaq lazımdır ki, məlik titulunu alan bu albanlar İslamı qəbul etdikdən sonra da eyni soyadda qaldılar. Məlikliklər sadəcə Qarabağa xas olan bir xüsusiyyət sayılsa da, İrəvan, Sünik və Şəkidə də mövcud olub. Bu onların miqrasiya etdiyini göstərir. Səfəvilər dövründə gah Səfəvi, gah da Osmanlı hakimiyyətinə keçən Dizaq məlikliyi Qarabağ xanlığının da tərkib hissəsində əyalət kimi öz varlığını sürdürüb”.

Bayram Quliyevin fikrincə, istər Nadir şah Əfşarın, istərsə də Qarabağ xanlığının dövründə Dizaq məlikliyi müstəqil siyasət yürütməyib: “Hətta Nadir şahın zamanında xüsusi imtiyazları olduğu halda, Pənahəli xan bu imtiyazları onlara verməyib. Buna rəğmən, onlar xan tərəfindən seçilmir və məliklik statusu irsi formada ötürülürdü. Lakin onların hakimiyyətinin müddətini xanlar müəyyən edirdi. Məsələn, İbrahimxəlil xan Dizaq məliyi Məlik Yesayanı 1781-ci ildə hakimiyyətdən salıb, onun yerinə Bahtamı hakimiyyətə gətirmişdi. Çox güman ki, bu albanların bəziləri sonradan İslamı qəbul edib və ya ermənilərlə qaynayıb-qarışıblar. Çünki 1828-ci ildən sonra bu ərazilərə kütləvi surətdə ermənilər köçürülmüşdü. Dizaq məlikliyindəki albanların erməniləşməsində bu faktın da böyük rolu oldu”.

Əsrlər boyu Tuğda Dizaq məlikləri Məlik Yeqan (1737–1744), Aram (1744–1745), Yesaya (1745–1781), Avaq Məlikyeqanlı (1781–1785), Vaxtanq Məlikyeqanlı (1785–1789), Abbas Məlikyeqanlı (1789–1805), Aslan bəy Məlikyeqanlı (1805–1822) hakimiyyətdə olublar.

Məlik Yeqanın soyundan Məlikaslanovlar, Məlikyeqanovlar, Məlikabbasovlar kimi mötəbər nəsillər törəyib və Azərbaycanın ictimai-siyasi həyatında fəal rol alıblar.

Dizaq məliklərinin sarayı

Tuğun mərkəzindəki sakit guşədə bir neçə qədim tikilinin qalıqları yerləşir. İlk baxışdan bura ermənilər tərəfindən dağıdılmış əraziyə bənzəsə də, Dizaq məliklərinin sarayının qalıqlarıdır. Bir vaxtlar burada məliyin ehtişamlı sarayı ucalırdı.

Dediyim kimi, ermənilər Dizaq məliklərinin guya erməni olduqlarını iddia etdikləri üçün onların bir vaxtlar yaşadıqları sarayın qalıqlarını mühafizə ediblər və bu tarix-memarlıq abidələr kompleksində arxeoloji qazıntı işləri apararaq bir neçə yeni abidə üzə çıxarıblar.

Memarlıq abidələrinin qarşısındakı lövhədən erməni işğalı dövründə kompleksin muzeyə çevrildiyi hiss olunur.

Məlik Yeqan tərəfindən tikilən saray ehtimal ki, daha qədim bir sarayın və ya binanın üzərində inşa edilib. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin, epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir.

Kompleksin uzunluğu 38, eni 13 metrdir, planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları var. Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatıb. Düzbucaqlı həyətin qərb tərəfində yaxşı yonulmuş daşlarla üzlənmiş fasad və sütunlu eyvana malik tikili var. İkinci mərtəbənin otaqları sonradan tikilib və plan xüsusiyyətlərinə görə Tuğun ənənəvi evlərini xatırladır.

1885-ci ildə Tuğda açılmış məktəbin binası da məhz Dizaq məliklərinin saray kompleksinə daxil olan bu binalardan birində fəaliyyət göstərib. Məktəbdə dövrünün məşhur ədibi, mənim də adaşım Mirmehdi Xəzani dərs deyib. 1859-cu ildə Tuğa köçən şair burada müəllimlik fəaliyyəti ilə məşğul olub. Ömrünün sonuna qədər də bu kənddə yaşayıb.

Şairin məzarı kənddən bir qədər aralıdakı dağda yerləşir. Buradakı çəkilişləri vaxtında bitirə bilsək, ora da baş çəkəcəyik.

Hələlik isə yolumuz Dizaq məliklərinin sarayının qonşuluğunda yerləşən Müqəddəs İohann kilsəsinədir.

Kənddə üç xristian abidəsi məbədi var: Müqəddəs İohann (Müqəddəs Ovanes), Müqəddəs Stepanos və Anapat kilsələri. Onların hər birini ziyarət edəcək, hamısı haqqında növbə ilə məlumat verəcəyik.

Müqəddəs İoann kilsəsi

Tuğun mərkəzində yerləşən Müqəddəs İohann kilsəsindən əvvəlki yazıda da bəhs etmişdik. Bazilika formasında olan hazırkı kilsə XIII əsrdə daha qədim bir məbədin üzərində inşa edilib. Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə tarixi üzrə doktor Ülviyyə Hacıyeva dörd sütun üzərində inşa olunan kilsənin uzunluğunun 21.9 metr, eninin isə 12.92 metr təşkil etdiyini bildirir: “Girişin yuxarısındakı daşın üzündə qeyd olunub: “1185-ci il (1736-cı il). Müqəddəs İohann kilsəsinin damı arximandrit Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa etdirilib. Ruhu şad olsun”.

Müqəddəs İohann kilsəsi böyük maililiyə malik ərazidə inşa edilib, qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır, hətta təməli də görünür. Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılıb.

Kilsənin yeganə qapısı cənub divarında, qala divarları ilə əhatə olunmuş kiçik həyətdən açılır. Zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə yaxşı yonulmuş kvadrat formalı daşlardan, digər divarlarda isə yarımyonulmuş daşlardan istifadə edilib. Tağ-tavanın yüksəkliyi səbəbiylə damın tərəfləri sərt maililiyə malikdir.

Bu qədim alban abidəsi sovet dövründə klub kimi fəaliyyət göstərib, 30 illik işğal ərzində isə bərpa edilərək erməni kilsəsi kimi istifadə olunub. Təmir zamanı kilsənin daş damı dəmir örtüklə əvəzlənib və konstruksiyaya zəng qülləsi əlavə edilib. Abidənin ərazisində müxtəlif ölçülü və üzəri ornamentlərlə, insan fiqurları ilə bəzənmiş sənduqələr yerləşir.

Kilsənin sol tərəfində tikilmiş dar və uzun sövməədə məlik nəslinə məxsus şəxslər - Məlik Qukas, Məlik Yeqan, Məlik Aram, Məlik Yesaya dəfn olunub.

Müqəddəs Stepanos kiləsi

Müqəddəs İohann kilsəsindən fərqli olaraq, Müqəddəs Stepanos kilsəsi kəndin şimal-qərb hissəsindəki yüksəklikdə, xristian qəbiristanlığının yaxınlığında yerləşir. Ora piyada qalxmaq çətin olduğu üçün şoferimiz Elçindən bizi maşınla aparmasını xahiş edirik. Vahid müəllim də bizə qoşulur. Maşınımız Tuğ xəstəxanasının yanından burulub qəbiristanlıq tərəfə dönür.

Və budur, üzəri xaçdaşlarla örtülü, çox hissəsi kobud yonulu daşlarla tikilmiş qədim abidənin qarşısında dayanırıq. İlk növbədə gözümüzə dəyən kilsənin həyətindəki üstünü mamır, şibyə basmış xeyli sayda qədim məzar daşıdır. Daşların üzərində atlı, ovçu, musiqiçi motivləri ilə bəzədilmiş çoxlu bədii səhnə və qrabar dilində yazılar həkk olunub. Vahid müəllim deyir ki, uşaq vaxtı buranı tez-tez ziyarətə gəlirmişlər: “Ermənilərdən bu daşların üzərində nə yazıldığını soruşurduq. Özləri də etiraf edirdilər ki, bu onların dili deyil, çünki yazılanları oxuya bilmirdilər. Amma ermənilər də bura ziyarətə gəlib xoruz kəsirdilər. Bir də 1988-ci il hadisələrində ən çox bura toplaşır və “Miatsum, miatsum” deyə bağırırdılar. Biz özümüz də bu kilsəyə ocaq, pir kimi baxırdıq”.

Abidənin çox hissəsi torpağın altında qalıb, sol divarının daşlarının isə xeyli hissəsi sökülüb.

Abidə ön tərəfdən bir, arxa tərəfdən isə üç kiçik pəncərəyə malikdir. İçəri məhz bu pəncərələr hesabına işıqlanır.

Kilsənin içinə keçirik, lakin qaranlıq olduğu üçün demək olar ki, heç nə görmək mümkün deyil. Təhlükəsizlik naminə elə qapının kandarındanca içərini müşahidə edirik: sağda bir ədəd qəbir daşı var, üzərində qrabarca yazılar... Bir də mehrabın ölçüsü diqqətimizi çəkir – 50 sm hündürlüyündədir.

Kilsə düzbucaqlı formasındadır. Fasadın üzlənməsində kobud yonulmuş daşlardan, tağ, həmçinin, pəncərə və qapı çərçivələrinin hörgüsündə isə yaxşı yonulmuş daşlardan istifadə edilib.

Xudafəng monastrındakı Həsən Cəlal kilsəsində olduğu kimi Müqəddəs Stepanos kilsəsinin girişinin hər iki tərəfinə böyük xaçdaşlar hörülüb. Ümumiyyətlə, kilsənin perimetri boyu bütün divarlara xaçdaşlar həkk edilib və onların bir çoxu kitabələrlə bəzədilib.

Ülviyyə Hacıyevanın sözlərinə görə XIX əsrin sonlarına qədər girişin üzərindəki daşda yazı olub: “Həmin yazıda qeyd edilib ki, 1196-cı (1747) ildə Məlik Yeqan və oğlu Məlik Yesaya kilsənin damını bərpa ediblər. Hələ 19-cu əsrdə Makar Bərxudaryans yazırdı ki, kilsə çox qədimdir, 600 il və ya daha əvvəl, təxminən XII əsrdə tikilib”.

Anapat kilsəsi

Müqəddəs Stepanos kilsəsindən təxminən 200 metr yuxarıda, dağın döşündə daha bir alban abidəsi ucalır. Ülviyyə Hacıyevanın fikrincə, məbəd Anapat kilsəsi adlanır: “Burada Məlik Bahtamın məzarı yerləşir. Makar Barxudaryans isə bir vaxtlar burada qadın monastırı olduğunu yazır”.

Çox güman ki, bir-birlərinə yaxın yerləşən kilsələr Barxudaryansın da yazdığı kimi, nə zamansa bu ərazidə mövcud olmuş qadın monastırına daxil imiş. Maraqlı burasıdır ki, xristian qəbiristanlığının yerləşdiyi Tuğun bu hissəsi xalq arasında Qızlar düzü kimi də tanınırmış. Görünür, məhz qadın monastırına görə el arasında bura Qızlar düzü adlanıb.

Çətinliklə də olsa, məbədin yanına qalxırıq. Ətrafı dəmir torla çəpərlənmiş kilsənin arxa divarı bütövlükdə dağın içinə girib və tikilinin damı dağla birləşib. Digər divarlarının da çox hissəsi torpağın altında qalıb.

Mehrabın söykəndiyi divarda böyük bir oyuq açılıb. Görünür, içəri mal-heyvan girməsin deyə, divarın uçması nəticəsində əmələ gələn oyuq daşlarla qapadılıb.

Kilsənin yandan olan giriş qapısının üzərində xaçdaş diqqəti çəkir.

Məbədə daxil oluruq. İçəridə 3 məzar gözə dəyir. Mehrabın ölçüsü isə alban məbədlərində olduğu kimi 50-60 santimetr hündürlüyündədir. Təkcə bu fakt Anapat və yaxınlıqdakı digər kilsələrin (Müqəddəs Stepanos və başqaları) alban mədəniyyətinə məxsusluğuna bariz sübutdur (erməni kilsəsində mehrab daha hündürdür).

Kilsəsinin həyətində də çoxlu sayda qəbir daşları, sənduqələr yerləşir. Divarları kobud çapılmış daşlardan hörülsə də, Müqəddəs Stepanosla məbədi ilə müqayisədə daha hamardır.

Müqəddəs İohann kilsəsindən fərqli olaraq hər iki abidə acınacaqlı haldadır, damlarını ot basıb, dağılmaq təhlükəsi ilə üz-üzədirlər.

Abidələrin üçü də Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb. İnanırıq ki, bu kilsələr də işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpası çərçivəsində təmir edilərək istər yerli, istər xarici turistləri özünə cəlb edəcək.

Yazının əvvəlində demişdik axı, Tuğda işlərimizi yekunlaşdırandan sonra Mirmehdi Xəzaninin qəbrini də ziyarət edəcəyik. Lakin sən saydığını say, gör erməni nə sayır...

Sonradan öyrəndik ki, şairin böyük müsəlman qəbiristanlığında yerləşən məzarını indiki halda ziyarət etmək təhlükəlidir. Həmin qəbiristanlığın azərbaycanlılar üçün əhəmiyyətini anlayan ermənilər oranı minalaya bilərlər. Biz də tövsiyələrlə razılaşıb Mirmehdi Xəzaninin qəbrini ziyarəti başqa səfərə saxlayası oluruq.

30 illik ayrılıqdan sonra bu qədim alban yurdu öz tarixi sahiblərinə qayıdıb. Müzəffər ordumuzun zəfəri sayəsində Tuğda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Tezliklə tuğlular da öz dədə-baba yurdlarına qayıdacaqlar. Bircə qalır bizim Tuğa qonaq gəlməyimiz...

Foto: İlkin Nəbiyev

Mirmehdi Ağaoğlu

ONA

Teqlər:

SON XƏBƏRLƏR