“Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla, rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yanlış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir”.
Bu fikri ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş naziri N.Paşinyanın erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağa – Şuşaya qeyri-qanuni səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də bölgədə tezliklə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.