Ermənistanın Naxçıvan dəhlizini özünün ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışması ölkə rəhbərliyinin 10 noyabr razılaşmasından çıxmaq cəhdlərindən irəli gəlir.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, uzun illər müxtəlif ideoloji miflərlə bəslənən və müharibə dövründə aldadılan Ermənistan əhalisi indi müharibənin nəticələrini şok içərisində anlamağa başlayıb və bu razılaşmadan tamamilə çıxmağa çalışır.
“Bu, (Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməsi – red.) tamamilə yanlışdır. Ermənistan 10 noyabr bəyanatında buna razılaşıb. Bu barədə bir daha oxuyurdum və onuncu maddə açıq şəkildə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirəcək dəhliz barəsindədir. Bu isə elə Ermənistan ərazisi ilə mümkündür. Bu, o demək deyil ki, Azərbaycan leqal mənada dəhlizə nəzarət əldə edəcək. Bəyanat deyir ki, Azərbaycan bu dəhlizdən istifadə edə biləcək, bu onun ərazisi olmayacaq. Ona görə də mən dəhlizin Ermənistanın ərazi bütövlüyünə təhdid olması ilə bağlı bəyanatları Ermənistan rəhbərliyinin imzalanan bəyanatdan geri çəkilmək cəhdi kimi şərh edirəm. Düşünürəm ki, Prezident İlham Əliyevi əsəbiləşdirən də bu idi. O, deyəndə ki, razılaşma razılaşmadır, biz dəhlizi bu və ya digər yolla reallaşdıracağıq, bu əsəbiliyi anlayıram. Bilirsiniz, bütün Ermənistan siyasi, psixoloji böhran içərisindədir, onlar müharibəni uduzduqlarına inana bilmirlər. Onlar on illər boyu bu cür yanlış ideoloji miflərlə bəsləniblər ki, orduları məğlubedilməzdir, Azərbaycan hərbçiləri döyüşə bilmir. Onlara müharibə dövründə də yalan danışılırdı. İndi bütün bunları şok içərisində anlamağa başlayırlar və 10 noyabr bəyanatından tamamilə çıxmağa cəhd edirlər. Düşünürəm ki, buna icazə verilməməlidir”, - Brayza qeyd edib.
Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritəsini verməməsinə münasibət bildirən sabiq səfir qeyd edib ki, bu davranış qəzəblənmiş ölkənin Azərbaycanın mülki əhalisinin hansısa yolla ölməsini istəməsindən qaynaqlana bilər və beynəlxalq humanitar qanunlara ziddir.
“Beynəlxalq təcrübəyə, beynəlxalq humanitar qanunlara əsasən minaları döşəmiş ölkənin xəritəni təqdim etmək öhdəliyi var. Mən hüquqşünas deyiləm, amma anladığım budur ki, Ermənistan bu xəritələri təqdim etməyərək beynəlxalq qanunları pozur. Ermənistanın niyə bu cür davranmaq istəyə biləcəyini təsəvvür edə bilmirəm, yeganə səbəb o görünür ki, qəzəblənmiş ölkə Azərbaycanda mülki əhalinin hansısa yolla həlak olmasını istəyir. Ermənistan bu xəritələri təqdim etməlidir”, - deyə M. Brayza bildirib.