Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
ONA-nın məlumatına görə, Müdafiə və Mədəniyyət Nazirlikləri, Veteran Tankçılar Birliyi və Dağ yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar “Qarabağa qayıdış ümidi ilə” adlı rəsm sərgisi ilə tanış olublar. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində açılış nitqi söyləyən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov torpaqlarımızın azadlığı uğrunda canından keçən Albert kimi oğulların adının xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək onların qəhrəmanlıqlarının əbədiləşdirilməsi istiqamətində daim mühüm addımlar atıldığını bildirib.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Aydın Əyyubov çıxışında ölkəmizdə Albert Aqarunovun xatirəsinin daim yad edildiyini, ona və ailəsinə dərin ehtiram göstərildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Millət vəkili Yevda Abramov, İsrailin ölkəmizdəki səfiri Dan Stav, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digər qonaqlar İsrail-Azərbaycan əlaqələrindən, xalqlarımızın tarixi dostluğundan danışaraq Qarabağ, Şuşa uğrunda şəhid olan Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə hər zaman örnək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.