• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:28 4 iyul 2021

MM komitə sədri: “Füzuli və Zəngilanın mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”

“Ağdamdan sonra Füzuli və Zəngilan rayonları 30 illik işğal dövründə ən çox minalanmış ərazilər olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclis Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib: “Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Çünki Ağdamdan sonra ən böyük infrastruktur layihələri hazırda Füzulidə həyata keçirildiyi üçün bu rayon işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması baxımından strateji əhəmiyyət kəsb edir. Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulur. Buna görə də ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Mina xəritələrinin təqdim olunması quruculuq işlərinin aparılması prosesini sürətləndirəcək. Digər tərəfdən, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”.

Parlamentin komitə sədri qeyd edib ki, bütün bunlar nəzərə alındıqda, Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR