27 oktyabr tarixində Azərbaycanın Moldova Respublikasındakı Səfirliyində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə növbəti hücum nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib.
Azərbaycanın Moldovadakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir Q.Osmanov ermənilərin humanitar atəşkəs rejimini pozaraq gecə saatlarında Gəncə şəhərini raket hücumuna məruz qoyması, nəticədə körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insan tələfatı, sakinlərin müxtəlif dərəcəli xəsarət alması və şəhərin dəhşətli dağıntılara məruz qalması ilə nəticələnən müharibə cinayətinin törədilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, səfir nitqində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını əks etdirən tarixi faktlara toxunub və ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinin sarsılmaz olduğunu bir daha vurğulayıb.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən Moldova parlamentinin deputatı Sergiu Sirbuya ölkəmizin sözügedən münaqişədə haqlı mövqeyindən danışıb, dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbuledilməz olduğunu, Moldovanın da ərazi bütövlüyü ilə bağlı mübarizə apardığını, bununla bağlı ölkələrimizin oxşar tarix yaşadıqlarını bildirib, beynəlxalq birlik tərəfindən günahsız insanlara qarşı törədilən təcavüzün yolverilməzliyi, eləcə də, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair birmənalı mövqe nümayiş etdirilməli olduğunu dilə gətirib. Deputat müharibəni pisləyərək münaqişənin tezliklə Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinə ümidvar olduğunu bildirib, sonda Gəncə şəhərində həlak olan günahsız sakinlərin ailə və yaxınlarına başsağlığı verib.
Sözügedən tədbir Moldova mətbuatında geniş işıqlandırılıb, məsələyə dair Moldova telekanallarında reportajlar yayımlanıb.