• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:35 21 aprel 2021

Moskva muzeylərindəki hərbi qənimətlər: Alman faşistlərinin geyimləri, dəbilqələri - REPORTAJ - FOTOSESSİYA

Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində tarixi Qələbəsinin simvollarından olan Hərbi Qənimətlər Parkının açılması dünyanın bir sıra ölkələrində qıcıq yaradıb. İşğalçı Ermənistanın müharibədə biabırçı məğlubiyyətini həzm edə bilməyən ermənipərəst qüvvələr Bakıdakı Hərbi Qənimətlər park-muzeyi əleyhinə kampaniya aparmağa başlayıblar. Lakin bu kampaniyanı aparanlar unudurlar ki, bəzi ölkələrdə, eləcə də onlardan bəzilərinin elə öz ölkəsində oxşar hərbi muzeylər var.

Bu məsələni çirkin propaqanda alətinə çevirənlər onu da yaxşı bilirlər ki, belə park-muzeylərin, eləcə də Bakıdakı Hərbi Qənimətlər Parkının yaradılmasında məqsəd milli qürur hissinin formalaşması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda faşizmə, xüsusən onun ən ağır və eybəcər forması olan erməni faşizminə nifrət aşılamaqdır. Həm də onu göstərməkdir ki, ölkə hansı səviyyədə qələbə qazanıb, hansı düşməni məhv edib, erməni faşizminə necə qalıb gəlib.

Qeyd olunduğu kimi, dünyada bu cür parklar, muzeylər çoxdur. Moskvadakı 1941-45-ci illər Böyük Vətən müharibəsinə həsr olunmuş “Qələbə” muzeyini, açılışı ötən il təmtəraqla qeyd olunan Rusiya Silahlı Qüvvələrinin “Yaddaş Yolu” muzeyini buna misal göstərmək olar.

APA-nın Rusiya üzrə xüsusi müxbiri Moskvanın hərbi muzeylərinə baş çəkib, burada nümayiş olunan hərbi qənimətlərlə tanış olub.

“Hitler nasizmi”, “italyan faşizmi” və “yapon militarizmi”nin meydana gəlməsi haqqında artefaktlar

Dünyanın ən böyük hərbi-tarix muzeylərindən biri olan Moskvadakı “Qələbə” muzeyi... “Poklonnaya Qora”da yerləşən bu muzey 26 ildir, fəaliyyət göstərir. Açılışında 55 dövlət başçısının iştirak etdiyi muzey kompleksi Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 50 illiyinə həsr olunub.

Muzey Vətən müharibəsi illərində Sovet əsgərlərinin göstərdiyi qəhrəmanlıq və şücaəti əbədiləşdirmək üçün hazırlanmış xatirə kompleksidir. Muzey elmi, mədəni və maarifləndirmə işləri aparır, gənclərin, xüsusi ilə də məktəblilərin və tələbələrin vətənpərvərlik tərbiyəsi üçün tədbirlər təşkil edir.

“Qələbə” Muzeyinin tarixi üzrə mütəxəssis, muzeyşünas Aleksandr Mixaylov APA-ya açıqlamasında muzey kompleksinin yaradılmasının əsas məqsədlərindən danışıb: “Biz hazırda Muzeyin giriş hissəsindəyik. Bu hissədə ziyarətçilərə Hitler nasizminin, italyan faşizminin və yapon militarizminin meydana gəlməsi haqqında məlumatlar veririk, artefaktları nümayiş etdiririk.

Bəşəriyyətin İkinci Dünya müharibəsinin eşiyinə necə gəldiyini ziyarətçilərimizlə bölüşürük. Məqsəd faşizm, nasizm və militarizm ideyalarının dünya insanına hansı bəlalar gətirdiyini gənc nəslə aşılamaqdır”.

Alman hərbçilərin mumdan hazırlanmış şarj-mulyajları

“Qələbə” muzeyində bəşəriyyətə qarşı bir cəbhədə birləşmiş Almaniya, İtaliya, Yaponiya və digər dövlətlərə məxsus bır sıra nadir tarixi eksponatlar nümayiş olunur. 300 minə yaxın eksponatın sərgiləndiyi muzeyin ən maraqlı guşəsi hərbi qənimətlərin sərgiləndiyi bölümdür. Burada Leninqrad blokadası və Kursk döyüşündə alman faşistlərindən və onların tərəfdaşlarından götürülən hərbi qənimətlər sərgilənir. Alman faşistlərinin istifadə etdiyi pulemyot, avtomat silahlar, alman əsgərinin dəbilqəsi və medalları nümayiş olunur.

Muzeydə sərgilənən faşistlərdən götürülən hərbi qənimətlər bununla yekunlaşmır. Reyxstaqdan götürülən, Adolf Hitlerin müəllifi olduğu “Mayn Kampf” kitabı, alman, italyan, ispan, rumın, macar və fin əsgərlərinə məxsus müxtəlif hərbi geyimlər, silahlar, hərbi ləvazimatlar, o cümlədən Almaniyanın Qafqazı zəbt etmək, Bakı nefti üzərində nəzarəti ələ keçirmək üçün hazırlanmış “Edelveys” planını həyata keçirən xüsusi qrupun silah sursatı və üst geyimləri muzeyin qiymətli eksponatları sırasındadır.

Bundan başqa, muzeydə sovet əsgərinin faşistlər üzərində qələbəsini əks etdirən döyüş səhnələri alman hərbçilərinin mumdan hazırlanmış şarj-mulyajları ilə, illüstrasiyalarla canlandırılıb.

Hitlerin kiteli, furajkası, öldürülmüş faşist əsgərlərinin dəbilqələri

Açılışı ötən ilin yayında baş tutan Rusiya Silahlı Qüvvələrinin “Yaddaş Yolu” Muzeyi də çox maraqlı məkandır. Moskva vilayətinin Odintsovo rayonunda yerləşən Rusiya Silahlı Qüvvələrinin “Patriot” hərbi vətənpərvərlik parkında inşa olunan "Yaddaş Yolu" muzeyi dünyada analoqu olmayan sadəcə muzey və ya memorail kompleks deyil, canlı tarix qalereyasıdır.

1418 addım uzunluğunda, 35 zaldan ibarət muzey faşizm üzərində Qələbədə payı olan insanların talelərini və adını, dəhşətli müharibənin hər gününün xatirəsini qoruyub saxlayır. Muzeyin ən maraqlı hissəsi isə Adolf Hitlerin kiteli, furajkası və İtaliya faşistlərinin lideri Mussolinin ona bağışladığı qlobusun sərgiləndiyi bölümdür. Hərbi qənimətlərin sərgiləndiyi bu bölümdə faşist əsgərlərinin hərbi geyim növləri, silah-sursatları, dəbilqələri, onların məğlubiyyətini əks etdirən illüstrasiyalar nümayiş olunur.

Hərbi qənimətlər muzeyinin yaradılması beynəlxalq praktikadır

Muzeyşünas Aleksandr Mixaylov deyir ki, hərbi muzeylərdə sərgilənən eksponat, mulyaj və illüstrasiyalara görə heç vaxt vaxtilə Hitler koalisiyasını təmsil etmiş dövlətlərdən etiraz gəlməyib: “Nə Almaniyanın, nə İtaliyanın, nə də Yaponiyanın, bir sözlə, məğlub olan heç bir ölkənin heç vaxt bizim muzeydə sərgilədiyimiz eksponatlarla bağlı heç bir etirazı olmayıb.

Adıçəkilən ölkələrin gənc nəslinin də İkinci Dünya müharibəsi zamanı baş vermiş cinayətləri əks etdirən illüstrasiyalarla bağlı bizə dair heç bir sualı yoxdur. Onlar babalarının həqiqətən bu cinayət törətdiklərini etiraf edirlər və buna tarixin bir hissəsi kimi baxırlar. Bu gün almanlar, italyanlar və yaponlar İkinci Dünya müharibəsində baş verənlərdən çox təəssüflənirlər. Təəssüf edirlər ki, tarixi yenidən yazmaq mümkün deyil. Onlar yaxşı anlayırlar ki, müharibə dövründə baş verən hadisələr indi ona görə öyrənilir ki, gələcəkdə belə hadisələr bir daha təkrarlanmasın”.

Rusiyalı muzeyşünasların fikrincə, müharibədən sonra qalib ölkənin hərbi qənimətlər muzeyi yaratması beynəlxalq praktikadır və burada təəccüblənəsi, etiraz ediləsi bir məqam yoxdur.

Beynəlxalq praktikadan görünür ki, hərbi qənimətlər muzeylərinin, parklarının yaradılmasında qeyri-adi, bunu çirkin təbliğata çevirəcək bir şey yoxdur. Xüsusilə də nümayiş olunan hərbi qənimətlər faşizm ideyalarına xidmət edən dövlət məğlub edilərək əldə olunubsa… Ermənistan və onun havadarları yaxşı olar ki, Bakıda Hərbi Qənimətlər Parkının yaradılmasından qıcıqlanıb, bundan öz məqsədləri üçün yararlanmağa çalışmaqdansa, orada nümayiş olunanlara baxıb, dərs çıxarsınlar, faşizmin necə təhlükəli ideya, erməniliyin necə dəhşətli xəstəlik olduğunu anlasınlar, bir daha revanşist xəyallara düşməsinlər. Unutmasınlar ki, bütün faşist cəlladlarının aqibəti necə olur...

Fərid Əkbərov

ONA

Teqlər:

SON XƏBƏRLƏR