Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi olub, hər iki tərəfdən ümumilikdə 70 nəfər azad edilib. Mübadilə "35-ə 35" düsturu ilə həyata keçirilib, Rusiya tərəfindən 35, Ukrayna tərəfindən də 35 nəfər sərbəst buraxılıb.
ABŞ Prezidenti Donald Tramp da əsir və girovların mübadiləsi münasibətilə Ukrayna və Rusiyanı təbrik edib. "Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm”, - yazıb D. Tramp.
Rusiya Prezidenti Vladimir Putin də hələ mübadilə baş tutmamışdan bir neçə gün əvvəl saxlanılan şəxslərin dəyişdirilməsini iki ölkə arasında münasibətlərin sabitləşməsinə doğru atılacaq yaxşı addım adlandırmış, Rusiya ilə Ukrayna arasında münasibətlərin tam normallaşmasının qaçılmaz olduğunu bildirimişdi.
Bəzi proqnozlara görə, əsir və girovların, xüsusən də ukraynalı rejissor Oleq Sensovun və rusiyalı tanınmış jurnalist Kiril Vışinkinin azad edilməsi Moskva və Kiyev arasında gərginliyi azalda bilər. Tərəflərin atdığı bu addım “Minsk razılaşması” çərçivəsində həyata keçirilir. Tərəflər qarşıdurmadan yorulduqlarını nümayiş etdirir. Növbəti addım kimi “Minsk sazişi”nin digər müddəasına əməl edilə bilər. Belə ki, qarşıdakı mərhələdə Donbasda atəşkəsə nail olmaq və silahlı dəstələri təmas xəttindən uzaqlaşdırmaq nəzərdə tutulur. Əgər, tərəflər buna da nail ola bilsə, Ukrayna Prezidenti Zelenskinin seçkilər öncəsi verdiyi vədləri yerinə yetmiş saymaq olar.
İstənilən halda Putin və Zelenski qarşılıqlı addım atdılar və artıq iki ölkə arasında etimad mühitinin yaradılması elə də çətin olmayacaq. Ukraynalı rejissor Oleq Sensovun azad edilməsi Kiyevdə müsbət qarşılanıb, hətta ən qatı anti-Rusiya mövqeyində duran mətbuat da Moskvanın bu addımını alqışlayıb. İlk addım Ukraynada Rusiya əleyhinə təbliğata da təsirini göstərib. Rusiyanın əsas təbliğatçılarından hesab edilən Vışinkinin azad edilməsi isə rusların Kiyevə qarşı qəzəbini soyuda bilər.
Baş verənlər yəqin ki, Zelensikinin də nüfuzuna təsirsiz qalmayacaq. Xatırladaq ki, seçkidən öncə “Rusiyanın girovluğunda olan Sensovu azad edəcəyəm” bəyanatına Rusiya KİV sərt reaksiya verərək, rejissoru beynəlxalq terrorçu adlandırmışdı. Zelenski isə rejissorun azad edilməsi ilə bağlı vədinə əməl etməklə, orta statistik ukraynalı seçicinin rəğbətini növbəti dəfə qazanmış oldu. Proseslərin belə gedişi Kremlə də sərf edir. Moskva anlayır ki, Kiyevlə anlaşma Donbas probleminə görə üzləşdiyi sanksiyaların yumşalması ilə nəticələnə bilər. Kreml vəziyyətdən qalib kimi çıxmaq, eyni zamanda “Normand prosesi”nə qoşulmaq istəyir. Bunun üçün isə əsirlərin azad edilməsinə və dəyişdirilməsinə razılıq verməli idi.
Qeyd edək ki, baş verən hadisə siyasi çalarlıdır və onu hüquqi tənzimlənmə adlandırmaq hələlik tezdir. Lakin artıq proses başlayıb və indi Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin görüşünü təşkil etmək olar.
Bu yerdə xatırladaq ki, cari ilin 12 iyulunda Parisdə Rusiya və Ukrayna arasında “Normand dördlüyü” çərçivəsində danışıqlar keçirilib. Danışıqlarda Rusiya və Ukrayna prezidentlərinin müşavirləri, eləcə də Almaniya və Fransanın nümayəndələri iştirak edib. Lakin hər iki tərəf əsirləri dəyişməkdən imtina edib, bir sıra məsələdə razılıq əldə edilməyib və danışıqlar dalana dirənib.
Moskva və Kiyev əsirləri dəyişdirməklə danışıqlar prosesinin bərpasını yenidən aktuallaşdırıb. Əslində, Kiyev danışıqları davam etdirməyin tərəfdarı idi, lakin Moskva bir sıra tələb irəli sürür, bununla da razılaşma əldə etmək mümkün olmurdu. Putin “Normand formatı” çərçivəsində danışıqları bərpa etməyə razı olduğunu bildirməklə, Moskvanın sülh tərəfdarı olduğunu göstərmək niyyətindədir. Zelenskiyə dəstək verən, onun hakimiyyətə gətirilməsində mühüm rol oynayan siyasi dairələr isə dərk edir ki, hazırkı situasiyada Kiyevin Qərbə daha sıx inteqrasiyası mümkün deyil. Belə ki,
Qərb Rusiyanın Krım və Donbasa qoşun yeritməsi zamanı yalnız bəyanat verməklə kifayətləndi, Kiyevə əməli yardım etmədi. Nəticədə Kiyev öz ərazilərinə nəzarəti itirdi.
Qərbin bu gün hədəfində Yaxın Şərqdə baş verən hadisələrdir, Ukrayna məsələsi onları az maraqlandırır. Bu baxımdan, Qərbin özünün geosiyasi maraqları üçün Ukraynaya hərbi yardım göstərəcəyi ideyasının bir ilğım olduğunu rəsmi Kiyev də anlayır.
Rusiya da Krım və Donbasa böyük maliyyə xərcləyir. Bu isə sadə Rusiya vətəndaşının yaşamına mənfi təsir göstərir. Kreml də bu problemi tezliklə həll etmək istəyir. Belə olan təqdirdə isə Putin - Zelenski dialoqu qaçılmaz görünür. Əlbəttə, dialoq alınsa belə, Kremlin öz tələbləri olacaq. Lakin Kiyevdə bilirlər ki, onlar hələ uzun müddət Ukraynanı Rusiyanın təsir dairəsindən uzaqlaşa bilməyəcəklər, odur ki, problemi dərinləşdirmək istəmirlər. Bu baxımdan, Zelenski seçki öncəsi istifadə etdiyi ritorikanı dəyişməyin zəruriliyini anlayır. Məşhur film qəhrəmanı olan Zelenski siyasətdə praqmatizmin önəmliyini dərk etməyə başlayıb və artıq onu gözləyən proseslərin “Xalqın xidmətçisi” filmindən fərqli olduğunu bilir.
Beləliklə, əgər Zelenski və Putin arasında dialoq baş tutarsa, bu, Kiyevin Moskvaya qarşı sərt siyasətinin dəyişməsi anlamına gələ bilər. Təbii ki, Zelenski üçün müəyyən mənada riskli vəziyyət yaranacağını gözləmək mümkündür. Belə ki, Rusiya ilə yaxınlaşmaya etiraz edən Ukrayna millətçiləri ölkədə növbəti qarşıdurmanın əsasını qoya bilərlər. Digər tərəfdən, Zelenskinin Putinlə dialoqa başlamasının Ukraynanın xarici siyasətində ciddi dəyişikliyə səbəb olacağını gözləmək olar. Kreml Kiyevlə öz şərtləri daxilində barışmağı arzulayır. Belə ki, Rusiyaya qarşı sanksiyalara Ukrayna məsələsinə görə əl atılıb. Lakin Ukraynada Rusiyaya münasibət birmənalı deyil. Bu baxımdan, Zelenskidən qətiyyətli addımlar atmaq tələb olunur. Əgər Ukraynanın yeni prezidenti ünvanına yağdırılacaq tənqid və təhqirləri həzm etməyə hazır olsa, Moskva ilə sülhə gedəcək. Bunun davamı kimi Qərbin Rusiyaya qarşı sanksiyalarının əsaslı dərəcədə yumşalacağını proqnozlaşdırmaq olar. Bir sıra Avropa dövləti də “Ukrayna problemi”nin qısa zamanda bitməsini arzulayır. Əvəzində, Kiyevə kreditlərin ayrılması da təklif edilə bilər.
İstənilən halda, “Minsk razılaşması”nın şərtlərini yerinə yetirməyə başlamaqla Zelenski nümayiş etdirdi ki, Kiyev hazırda Rusiyanın nəzarətində olan Ukrayna ərazilərini hərbi yol ilə azad etməyə hazır deyil. Zelenski Rusiya ilə müharibə istəmir, iqtisadiyyatı qaldırmaq üçün ona sabitlik və kreditlər lazımdır.
Zelenski siyasi müxalifətin narazılığından da ehtiyat etmir. Ölkə daxilində nüfuzu ona siyasi rəqiblərinə qalib gəlmək şansı verir. Onun başlıca rəqibinin ordu generalları ola biləcəyini demək olar. Belə ki, Zelenskinin Moskva ilə barışmaq niyyəti orduda birmənalı qarşılanmır və Ukrayna Prezidenti anlayır ki, orduda ona qarşı etirazlar güclənə bilər. Lakin Zelenskinin başqa yolu da qalmır. Kremlə barışıq təklif etmək Kiyevin maraqları baxımından önəmlidir. Məsələ ondadır ki, Qərb siyasi dairələri də Kiyev-Moskva qarşıdurmasının sona çatmasını arzulayır. Bu baxımdan, Zelenskinin Moskva ilə danışıqlara başlamasını Qərblə razılaşdırılmış layihə də hesab etmək olar.
Zelenskinin həm də istedadlı aktyor və oliqarxiyanın maraqlarının təmsilçisi olduğu nəzərə alınsa, onun həyata keçirdiyi “barışıq siyasəti”nin müxtəlif oliqarx qruplar tərəfindən sanksiyalaşdırıldığını da düşünmək mümkündür. Zelenski növbəti rolunu oynamağa hazırlaşır. Lakin bu dəfə də o, Vasili Qoloborodko rolunu deyil, tamamilə fərqli simanı canlandırmalı olacaq. Ukrayna Prezidentini daha böyük sınaqlar gözləyir...
APA Analytics