“Ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhər ağa məscidində təmir adı altında gördükləri işlər bizim tariximizi saxtalaşdırmaq məqsədi daşıyır”.
ONA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri ermənilərin Azərbaycana məxsus tarixi abidələri məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir. Bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost və qardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri Yerevanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, Yerevanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik. Çünki İran İslam Respublikası bizə dost və qardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.
M. Qurbanlı qeyd edib ki, ermənilər təmir adı altında Azərbaycan irsinə xələl gətirməyə çalışırlar: “Ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib. Ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib. Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik".