• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:44 27 may 2019

Nazir: "Bəs Siz Yerevandan soruşmamısınız ki, Ermənistan siyasi rəhbərliyinin bəzi təmsilçilərinin oğlanları hərbi xidməti harada keçir?"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qoşulmasının vacibliyi ilə bağlı bəyanatlarına növbəti dəfə münasibət bildirib.

ONA-nın məlumatına görə, E. Məmmədyarov "Kommersant" qəzetinə müsahibəsində "Sizin erməni kolleqanız tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyətinin danışıqlar prosesinə qoşulmasının vacibliyini əsaslandırarkən bəyan edib ki, onlar Yerevana tabe olmurlar, yəni Yerevan Sizin və Zohrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyi hipotetik qərarları onlara tətbiq edə bilmir. Bu arqument barədə nə deyə bilərsiniz" sualını elə sualla cavablandırıb: "Bəs Siz Yerevandan soruşmamısınız ki, Ermənistan Respublikasının yüksək siyasi rəhbərliyinin bəzi təmsilçilərinin oğlanları həqiqi hərbi xidməti harada keçir? İndiki prezident və baş nazir tez-tez hara səfər edirlər? Adını qeyd etdiyiniz marionet quruluşun büdcəsinin əsas hissəsi hansı vergi odəyicilərinin hesabına formalaşır?"

Nazir hər şeyin sadə və aydın olduğunun diqqətə çatdırıb: "Hər şey kifayət qədər sadədir - münaqişə tərəfi kimi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası üz üzədir. Bu format ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə də təsdiqlənib. Reallıq belədir. Qalan şeylər ya fərziyyə, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR