Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri ilə bağlı Azərbaycanın baş katib Antonio Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayılıb.
APA-nın xəbərinə görə, məktubda bildirilib ki, həm beynəlxalq hüquqa, həm də münaqişənin nizamlanması prosedurlarına dair öhdəliklərinə zidd olaraq, Ermənistan Respublikası təxribata əl atıb.
“2020-ci il mayın 9-da Ermənistanın Baş Naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyini və 1992-ci ilin mayında ermənilər tərəfindən müharibədən əvvəl azərbaycanlıların çoxluq təşkil etdiyi Azərbaycanın tarixi mərkəzi və mədəniyyət beşiyi olan Şuşanın işğal olunmasının il dönümünü qeyd etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Məlum olduğu kimi, 1992-ci ilin mayında erməni hücumu nəticəsində Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi işğalçı erməni qüvvələri tərəfindən işğal olunub, 195 azərbaycanlı mülki şəxs qətlə yetirilib, 165 nəfər yaralanıb və 58 nəfər itkin düşüb. Şuşa şəhəri azərbaycanlılardan təmizlənib. 24 mindən çox Şuşa sakini torpaqlarını və mülklərini tərk etməyə məcbur edilib.
Pənah xan qalası, Qara Böyükxanım qalası, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Xoca Mərcanlı, Mərdinli, Köçərli, Culfalar, Hacı Yusifli, Çöl Qala və Çuxur Məhəllə məscidləri və digər mədəni, tarixi abidələr dağıdılıb, talan edilib. Şəhərdə Azərbaycan mədəni və tarixi irsinin hər bir əlamətini silmək üçün sistemli addımlar atılıb.
Bundan əlavə, Ermənistan ilhaq siyasətini həyata keçirmək üçün beynəlxalq qanunları açıq şəkildə pozur və münaqişənin siyasi həll yoluna zidd olaraq işğal altında saxladıqları ərazilərə vətəndaşların köçürülməsini təşviq edir və onlara kömək edir.
Ermənistan tərəfindən ağır insan itkisi və iztirablara səbəb olan Şuşanın və digər rayonların, şəhər və qəsəbələrin işğal edilməsi, təcavüz, irqçilik və köklü nifrətin bu dövlətin ideologiya və siyasətinin təməl daşı olduğunu sübut edir. Ermənistanın Azərbaycan şəhəri olan Şuşanın işğalı və İkinci Dünya müharibəsindəki böyük qələbə arasında paralellik aparmaq üçün etdiyi cəhdlər dünyada faşizmlə mübarizədə canlarını qurban vermiş milyonlarla insanın xatirəsinə dərin hörmətsizlikdir.
Ancaq hazırda nasist generalları Qaregin Njde və Drastamat Kanayanın milli qəhrəman səviyyəsinə qaldırıldığı Ermənistanın bu siyasətində təəccüblü bir şey yoxdur. Şübhə yoxdur ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın bütün işğal olunmuş ərazilərindən, o cümlədən Şuşa şəhərindən çıxarmaq məcburiyyətində qalacaq və azad edilmiş ərazilərin demoqrafik tərkibi və mədəni quruluşu bərpa ediləcək. Eyni zaman məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtması təmin ediləcək”, - deyə məktubda qeyd olunub.