Peru Konqresində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycanın Peru Respublikasındakı səfirliyindən ONA-ya verilən məlumata görə, tədbir Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycan Respublikasının Perudakı Səfirliyinin birgə təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə Konqresin dostluq qrupunun üzvləri, Peruda akkreditasiya edilmiş səfirliklərin rəhbərləri və əməkdaşları, həmçinin Peru KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçılar Xocalı qurbanlarının əziz xatirəsini ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər. Konqresin Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Palomino Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri haqqında məlumat verib, bu münaqişənin regionun təhlükəsizliyi, layihələr üçün təhlükə, əməkdaşlıq üçün maneə olduğunu vurğulayıb. Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi və xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamın XX əsrin ən dəhşətli faciələrindən biri olduğu nəzərə çatdırılıb. D. Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyib, beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.
Azərbaycanın Perudakı səfirliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov iştirakçılara 27 il əvvəl Xocalıda baş vermiş faciəli hadisələr haqqında geniş məlumat vermişdir. Diplomat Azərbaycan ərazisinin beşdə biri işğal olunduğunu, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insanın öz doğma torpaqlarından qovularaq məcburi köçkün və qaçqın həyatı yaşadığını nəzərə çatdırıb. O qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. M.Məmmədov Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq məqsədilə apardığı diplomatik və informasiya siyasəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış, dünya birliyinə erməni vəhşiliklərini çatdırmaq işində müstəsna rolu olan «Xocalıya ədalət!» beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verib.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalıya ədalət!" videoçarxı nümayiş etdirilib və Xocalı soyqırımı ilə bağlı material paylanıb.
Tədbir haqqında məlumat Peru Konqresinin rəsmi internet səhifəsində, Perunun televiziya kanallarından birində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.