“Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin “Kazan formulu” əsasında nizamlanmasında maraqlıdır. Bu isə o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı torpaqları geri qaytarır və bunun əvəzində 2 dəhliz əldə edir. Bu rayonlar ətrafında demilitarizasiya həyata keçirilir və blokada şəraiti ləğv olunur”.
APA-nın xəbərinə görə, bunu rusiyalı politoloq Sergey Markov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Rusiyalı politoloqun sözlərinə görə, problem ondadır ki, Ermənistan ətraf rayonları Dağlıq Qarabağın tanınması qarşılığında azad etmək niyyətindədir: "Lakin bunun qarşılığında tanınmanı yox, blokadanın qaldırılmasını əldə etsələr, çoxları bu kompromisi yetərli hesab etməyəcək. Paşinyan sadəcə, bundan qorxur. Ermənistan parlamentində güllələnmə hadisəsi yadınızdadır. Paşinyan həmin taleni yaşamaq istəmir”.
S. Markov qeyd edib ki, Ermənistan baş naziri bu məsələdə bütün məsuliyyəti Dağlıq Qarabağın erməni icması ilə bölüşmək istəyir: “Bildiyiniz kimi Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizləmə təhlükəsi ilə üz-üzə qaldığı üçün bölgəni tərk etmək məcburiyyətində qalıb. Buna görə də o, siyasi məsuliyyəti öz üzərindən atmaq üçün referendum keçirməlidir. Azərbaycan isə artıq gözləməkdən yorulub. Seçkilər, inqilab, erməni hökumətinin formalaşması və s. Nə qədər gözləmək olar?! Bu zəmində Rusiya diplomatiyası strateji səbr nümayiş etdirən Azərbaycana daha hörmətlə yanaşır”.