• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:52 14 mart 2019

Prezident: “Ermənistanın danışıqların formatını dəyişmək cəhdi qəbuledilməzdir”

"Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı faktı mövcuddur. Bunun nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz Ermənistanın işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkün bu gün həmin o işğalın əziyyətini çəkir. Bizim xalqımıza qarşı eynik təmizləmə həyata keçirilib. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və məhv edilib. Bu, ATƏT-in iki dəfə oraya göndərdiyi faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb".

ONA xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn kobud pozulmasıdır, eyni zamanda, beynəlxalq təşkilatların qətnamələrinin də kobud şəkildə pozulmasıdır: "BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal və tam şəkildə çıxarılması tələb edilir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib ki, onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır. Məhz o qətnamələr bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün hüquqi zəmin yaradır. Status-kvo qəbuledilməzdir. Bu münaqişənin nizamlanması ilə bağlı mandat əldə edən Minsk qrupunun həmsədr ölkələrinin başçıları da bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Biz bunu tamamilə dəstəkləyirik. Bunun üçün isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müvafiq şərait yaradılmalıdır".

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqların formatını dəyişməyə cəhd edir”, - deyən Prezident qeyd edib ki, bu, qəbuledilməzdir: "Hesab edirik ki, bu, danışıqlar prosesini bloklamağa yönəlmiş cəhdlərdir. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təşkilatlar da bizim fikrimizi bölüşür. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri müvafiq bəyanatla çıxış ediblər. Onlar Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur və onu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçün də bütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz. Bu, birincisi. İkincisi, danışıqlar nəticəyönümlü olmalıdır, yalnız danışıqlar xatirinə aparılmamalıdır. Azərbaycan bu prosesi irəli aparmağa hazırdır və bu danışıqlar nəticəsində bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində də, Helsinki Yekun Aktında da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq".

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR