• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:40 14 oktyabr 2020

Prezident İlham Əliyev: “Əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər”

“Azərbaycan xalqı çox xeyirxah xalqdır, məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, Gürcüstanda 300 mindən çox azərbaycanlı, 200 mindən çox erməni əhalisi var: “Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar və onların arasında hər hansı problem çıxmır. Onlar normal qonşu kimi yaşayırlar. Rusiyada, Ukraynada, digər ölkələrdə... Nə üçün burada bunu edə bilmərik? Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazır etməliyik. Bax mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar da bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Azərbaycan xalqının buna haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Buna heç vaxt razı ola bilmərik”.

Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, hər bir müharibə sülhlə nəticələnir: “Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə yardımçı olarsa, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq, amma biz çalışmalıyıq ki, buna nail olaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR